İran–İsrail gərginliyi və Azərbaycanın mövqeyi– ÖZƏL
16:54 Siyasət"Yaxın günlərdə Netanyahunun Azərbaycana səfəri gözlənilir. Azərbaycan-İsrail münasibətləri dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlıq enerji, hərbi və digər sahələri əhatə edir. Hər iki ölkəni birləşdirən ortaq strateji və təhlükəsizlik maraqları mövcuddur".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda, Azərbaycanda yəhudi icmasının bütün hüquqları yüksək səviyyədə qorunur. Bu da İsrail tərəfindən nəzərə çarpan vacib amillərdən biridir və iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verir.
Qeyd etdiyiniz kimi, bu səfərin İran Prezidentinin səfərindən dərhal sonra baş verməsi diqqəti İran-İsrail münasibətlərinə və bu münasibətlərin tənzimlənməsində Azərbaycanın mümkün roluna yönəldir.
Məlumdur ki, İran İsrailin regiondakı mövcudluğundan narahatdır. Eyni zamanda, İsrail də İranın fəaliyyətlərini öz milli təhlükəsizliyi üçün təhdid olaraq qəbul edir. Bu səbəbdən, Azərbaycanın bu iki tərəf arasında vasitəçi qismində çıxış etməsi ehtimalı nəzərdən keçirilir.
Qeyd edilməlidir ki, Azərbaycan daha əvvəl Türkiyə və İsrail arasında, xüsusilə Suriya məsələsində danışıqlarda vasitəçilik edib. Bu baxımdan, oxşar bir rolun İran-İsrail münasibətləri kontekstində, birbaşa olmasa da, dolayı şəkildə həyata keçirilməsi mümkündür.
İsrail Baş naziri Benyamin Netanyahunun İran Prezidentindən sonra Azərbaycana səfər etməsi belə bir ehtimalı gündəmə gətirə bilər ki, İsrail İranın növbəti addımlarından, xüsusilə də nüvə proqramı ilə bağlı fəaliyyətlərindən ciddi şəkildə narahatdır.
Azərbaycan-İsrail münasibətlərinin İran kontekstində müəyyən nəticələr verəcəyinə və bu əlaqələrin İranın neytrallaşdırılması istiqamətində istifadə ediləcəyinə ümid edilir.
Lakin burada vacib bir məqam var: İsraildə bu yanaşmanın tərəfdarları olsa da, Azərbaycan hər zaman bəyan edib ki, öz ərazisindən və imkanlarından heç bir halda üçüncü ölkəyə qarşı istifadə edilməsinə icazə verməyəcək.
Bir müddət əvvəl bəzi dairələrdə İsrailin Azərbaycanın hava və quru məkanından İrana qarşı istifadə etmək niyyətində olduğu ilə bağlı söz-söhbətlər yayılmışdı. Lakin Azərbaycan bu iddiaları dəfələrlə əsaslı arqumentlərlə təkzib edib.
Bu tip səfərlərin baş tutması, bir-birilə gərgin münasibətdə olan ölkələrin Azərbaycana eyni zamanda səfər etməsi, ölkəmizin regional və qlobal diplomatiyada sabitlik və sülh naminə oynadığı rolu bir daha təsdiqləyir.
Bir zamanlar Azərbaycan İsrail və ərəb ölkələri arasında da danışıqlarda vasitəçi kimi çıxış edib. Bu da ölkəmizin beynəlxalq proseslərdə artan rolundan xəbər verir, eyni zamanda regional və beynəlxalq təhlükəsizlik məsələlərinə töhfə verir.
Bu, bir tərəfdən, müsbət bir inkişafdır. Digər tərəfdən isə, Azərbaycan münasibətdə olduğu dövlətlər arasında əlaqələrin gərginləşməsindən narahatdır. Necə ki, vaxtilə Türkiyə və İsrail arasındakı münasibətlərin pozulması Azərbaycanı narahat edirdi.
Prezident İlham Əliyev də bu məsələ ilə bağlı fikirlərini açıq şəkildə ifadə etmişdi. Düşünürəm ki, İran-İsrail arasında eskalasiya səviyyəsində ciddi bir qarşıdurma Azərbaycanın maraqlarına xidmət etmir".
Zeynəb Rzayeva