Pezeşkianın Azərbaycana səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq- ÖZƏL
16:19 Siyasətİran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri planlaşdırılır və bu səfər haqqında bir müddətdir ki, məlumat paylaşılmışdır. Hesab edirəm ki, bu səfər İran və Azərbaycan arasında olan münasibətlərin inkişafına xidmət edəcək və siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da gücləndirəcək".
Bu fikirlıri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib. Siyasi şərhçi Pezeşkianın Azərbaycana səfərini münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacağını qeyd edib:
"Nəqliyyat sahəsində mühüm razılaşmalar var - həm Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində, həm də Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunması baxımından. Anlaşma memorandumuna görə, Araz çayı üzərindən avtomobil və dəmir yolu əlaqəsinin formalaşması üçün körpülər inşa olunur və müvafiq qurumlar vaxtaşırı olaraq kommunikasiya xətlərinin genişləndirilməsi istiqamətində görüşlər keçirirlər. Ali səviyyədə keçiriləcək görüşdə də məhz bu kimi məsələlər müzakirə olunacaq.
İran ilə Azərbaycan arasında mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin inkişafına dair ortaq mövqe var və İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana dair mövqeyi də məhz mehriban qonşuluq siyasəti əsasında inkişaf edəcək.
Eyni zamanda, prezidentimizin köməkçisinin bu yaxınlarda İran Prezidenti ilə görüşü oldu və bütün bu təmaslar, görüşlər həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafına hesablanmışdır. Hesab edirəm ki, Pezeşkianın Azərbaycana səfəri münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq".
Zeynəb Mustafazadə