Orta Dəhliz həm də qlobal əhəmiyyətli bir layihədir- ÖZƏL
17:29 Siyasət"Orta Dəhliz yalnız regional deyil, həm də qlobal əhəmiyyətli bir layihədir. Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 800 milyard dollara yaxınlaşır. Bu, fonda ölkələrarası ticarətin genişlənməsi, nəqliyyat imkanlarının inkişafından birbaşa asılıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu baxımdan, Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadi artıma mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusilə yüksək texnologiyalar, innovasiyalar, alternativ və bərpaolunan enerji sahələrinə yönəlmiş birbaşa investisiyaların cəlbi ilə bağlı danışıqlar aparılır. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsindəki rolu isə strateji xarakter daşıyır. Bu mövqe Çin tərəfindən yüksək qiymətləndirilir. 2500 il əvvəl qədim İpək Yolu vasitəsilə başlayan ticari və mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun davam etdirilir. Ən önəmlisi, iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün hər iki liderin siyasi iradəsi mövcuddur. Xatırladım ki, 2019-cu ildə Pekində keçirilmiş 2-ci "Bir kəmər, bir yol" forumunda Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev iştirak etmişdi. Çin lideri Si Cinpinin bu təşəbbüs çərçivəsində Azərbaycana verdiyi yüksək dəyər, eyni zamanda, dövlətimizin başçısına göstərilən böyük etimadın göstəricisidir. Ölkələrimiz arasında coğrafi məsafə uzaq olsa da, mövcud olan sıx əlaqələr və güclü əməkdaşlıq bizi bir-birimizə yaxınlaşdırır. Düşünürəm ki, Çin kimi böyük iqtisadi potensiala malik bir ölkə ilə əlaqələrin genişləndirilməsi Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsidir".