Qonşu ölkədən sülh təşəbbüsü: Gürcüstan etibarlı vasitəçi ola bilərmi? – ÖZƏL

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını alqışladığını deyib. Həmçinin Cənubi Qafqazın üç ölkəsinin əməkdaşlıq formatının qurulması məsələsini də yenidən gündəmə gətirib.

"Gürcüstanın Cənubi Qafqazda Avropa Birliyi modelində hər üç respublikanın iştirakı ilə əməkdaşlığı genişləndirmək təşəbbüsü alqışa layiqdir. Belə bir təşəbbüs zaman-zaman Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən də irəli sürülüb".

Bu sözləri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev Olaylar.az-a açıqlamasında deyib:

"44 günlük Vətən müharibəsindən sonra Ermənistanda da bu təşəbbüsə qoşulmaq istəyən müəyyən siyasi qurumlar və vətəndaş cəmiyyəti fəallarının mövcudluğu istisna deyil. Amma belə bir təşəbbüsün irəli sürülməsi hələ o demək deyil ki, Gürcüstan Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllində təsirli vasitəçiyə çevrilə bilər. Necə ki, ötən il Qazaxıstan Respublikası Azərbaycanla Ermənistan arasında danışıqlar üçün şərait yaratdı, lakin bu, effektiv vasitəçilik olmadı. Gürcüstanın təşəbbüsü də bu baxımdan oxşar nəticələr verə bilər".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar, yəni vasitəçilərin iştirakı olmadan daha səmərəli və nəticəyönümlü format kimi önə çıxa bilər.

"Gürcüstan müəyyən vasitəçilik rolu oynaya bilər - məsələn, danışıqlarda birbaşa iştirak etmədən, sadəcə olaraq Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Gürcüstan ərazisində görüşlərini təşkil etməklə. Bu cür görüşlərin təşkilini Gürcüstanın Xarici İşlər Nazirliyi və digər rəsmi qurumları həyata keçirə bilər. Lakin bu heç bir halda o demək deyil ki, Gürcüstanın vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında təşviqedici, təzyiqedici və ya həlledici rola malikdir. Bu günə qədər sülh danışıqlarında ən uğurlu və təsirli format Azərbaycanın təklif etdiyi birbaşa danışıqlardır. Artıq Ermənistan da Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə əsasən danışıqlara razılıq verib. Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması, Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında yerləşən 11 km-lik dövlət sərhədinin delimitasiya və demarkasiyası, birgə işçi qrupların digər məsələləri müzakirə etməsi və 17 maddədən ibarət sülh sazişi layihəsinin heç bir vasitəçi olmadan razılaşdırılması bunu sübut edir. Bu da onu göstərir ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar, vasitəçi iştirakı ilə aparılan danışıqlardan daha səmərəli ola bilər".

Taleh Əliyev əlavə edib ki, sülh əldə olunduqdan sonra Gürcüstanın Cənubi Qafqazda əməkdaşlıq və regional inteqrasiyada mühüm rol oynayacağı gözlənilir.

"Gürcüstanın belə bir təşəbbüslə çıxış etməsi, xüsusilə də sülh əldə olunduqdan sonra, əməkdaşlıq və regional inteqrasiya proseslərində mühüm rol oynaya bilər. O zaman Gürcüstanın bir sıra əməkdaşlıq layihələrinə ev sahibliyi etməsi, hər iki tərəfdə etimad yaradaraq üçüncü tərəf kimi birgə təşəbbüslərdə iştirakı olduqca faydalı olar. Və inanıram ki, sülh əldə edildikdən sonra Gürcüstanın Cənubi Qafqaz birliyindəki rolu daha da önəmli olacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31