63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
19:09 HadisəBakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin sabiq direktoru Əmrah Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Teleqraf"a xəbər verir ki, Əmrah Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunub.
İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.
Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alırlar.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən Əmrah Səfərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, müəllimlik fəaliyyəti ilə məşğul olub məktəb direktoru vəzifəsində çalışıb:
"Cəzaçəkmə müəssisəsində məhbus şagirdlərə dərs vermişəm. Həmin şagirdlərin yaşı 25-dən çox olub. Ailəliyəm, 3 qız övladım var. Cəzaçəkmə müəssisəsində 20 faiz əlavə maaş verildiyinə görə müəllimlik fəaliyyətinı həmin müəssisədə davam etdirmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 1996-cı ildən ona onkoloji xəstəlik diaqnozu qoyulub və həmin il əməliyyat olunub:
"Müalicəmi davam etdirə bilmədiyim üçün bu cinayət hadisəsini törətdim. Müəllimlərin bəziləri maaşlarının az olduğu üçün dərsə gəlmək istəmirdilər. Lakin dərslərə görə əməkhaqqı almaq istədiklərini bildirirdilər. Bəzi müəllimlər arabir dərsə gəlirdilər. Onların işə gəlmə-getmə cədvəlini mən doldururdum, maaşı isə özləri alırdılar. Aldıqları maaşın bir qismini də mənə verirdilər. Törətdiyim cinayət əməlindən peşmanam. 2019-cu ildə böyrəyimdən əməliyyat olunmuşam. Lakin müalicələr effekt vermədi. Cinayət yolu ilə əldə etdiyim pulları müalicəm üçün xərcləmişəm".
Məhkəmənin hökmü ilə Əmrah Səfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib. O, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.
Vurulmuş ziyanın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus mənzil və 1999-cu il buraxılışı olan "Mercedes-Benz" markalı avtomobilə xüsusi müsadirə tətbiq edilib və dövlət nəfinə alınması qərara alınıb.
Xüsusi müsadirənin təmin tədbiri kimi Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən mənzil və dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobil üzərinə həbs qoyulub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin təqsirləndirilən şəxsə məxsus mənzilə və avtomobilə tətbiq edilmiş xüsusi müsadirənin, həmin əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş edilib.
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs ittihamı qəbul etmir, nə istintaqda, nə də məhkəmə zalında ona etibar edilən hər hansı əmlakı talamayıb, heç kim bunu sübut edə bilməyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əmrah Səfərovun şikayəti qismən təmin edilib. Hökmdən Nərimanov rayonunda yerləşən mənzilə və "Mercedes-Benz" markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi, üzərinə həbs qoyulması ilə bağlı müddəalar çıxarılıb.
Bu qərardan narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Dövlət ittihamını müdafiə edən prokuror əmlakların üzərinə həbs qoyulmasını tələb edib.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası mərhələsinə qaytarılıb.