Görməni bərpa edən dərman tapılıb - Bu tarixdən istifadəyə veriləcək
22 Aprel 11:12 SosialCənubi Koreyanın KAIST Universitetində aparılan yeni araşdırma görmə itkisinə səbəb olan tor qişa (retina) zədələnmələrinə qarşı ümidverici nəticələr ortaya qoyub.
Sfera.az xəbər verir ki, alimlərin hazırladığı yeni dərman retinal hüceyrələrin bərpasını təmin edərək, görmə qabiliyyətini daimi olaraq bərpa edən ilk müalicə kimi qeydə alınıb.
Araşdırma professor Jin Voo Kimin rəhbərlik etdiyi elmi qrup tərəfindən aparılıb. Komanda, optik sinirlərin bərpasını təmin edən bu terapiyada görmənin yenidən formalaşmasına mane olan "PROX1" adlı proteini hədəf alıb.
Araşdırmalar göstərib ki, "PROX1" zülalı sinir hüceyrələrinin normal inkişafında mühüm rol oynasa da, tor qişa zədələndikdə həmin nahiyədə toplanaraq bərpa prosesini ləngidir. Maraqlı məqam odur ki, balıqlarda bu zülal aşkarlanmayıb, bu da onların göz toxumalarının daha asan bərpa olunmasına imkan verir.
Alimlər bu tapıntılardan istifadə edərək, "PROX1" proteinini zərərsizləşdirən xüsusi antikor hazırlayıblar. "Celliaz" biotexnoloji şirkəti ilə birlikdə hazırlanan bu antikor siçanlar üzərində uğurla sınaqdan keçirilib. Nəticədə retinal hüceyrələrin yenidən qurulduğu və siçanların görmə qabiliyyətinin 6 ay ərzində qorunduğu müşahidə olunub.
Hazırda komanda bu müalicəni insanlar üzərində tətbiq etməyə hazırlaşır. Araşdırmanın üzvü Dr. Eun Jung Lee bildirib ki, PROX1-i zərərsizləşdirən "CLZ001" adlı antikorun son mərhələyə çatdırılması üzrə işlər davam edir və növbəti mərhələ preklinik tədqiqatlar olacaq.
Əgər hər şey plana uyğun gedərsə, klinik sınaqların 2028-ci ildə başlaması gözlənilir.