“Almatı Prosesi Azərbaycanın regional rolu üçün yeni imkanlar açır” – Elçin Xalidbəyli – ÖZƏL
16:38 SiyasətTacikistanın Əmək nazirinin müavini Şahnoza Nodiri Bakıda keçirilən Almatı Prosesinin III nazirlər konfransında Azərbaycanın uğurlu sədrliyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Almatı Prosesinə sədrliyi zamanı region ölkələri arasında etimad artıb və siyasi əlaqələr canlanıb.
Maraqlıdır, bu platforma gələcəkdə daha geniş əməkdaşlıqlara yol aça bilərmi? Azərbaycan üçün regionda hansı imkanlar yarada bilər?
"Azərbaycanın Almatı Prosesinə sədrliyinin uğurlu olması onu göstərir ki, rəsmi Bakı beynəlxalq qurumlara rəhbərlik məsələsində effektiv fəaliyyət göstərmək qabiliyyətinə kifayət qədər yüksək səviyyədə malikdir. Eyni zamanda, Azərbaycan Orta Asiyada aktiv regional siyasət yürütməyi də qətiyyən unutmur".
Bu sözləri siyasi ekspert Elçin Xalidbəyli Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan Orta Asiyada həm siyasi nüfuzunu gücləndirir, həm də strateji tranzit və əməkdaşlıq imkanlarını artırır:
"Hazırda Azərbaycanın Orta Asiyada olduqca ciddi maraqları mövcuddur. Həm Almatı Prosesi çərçivəsində, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində rəsmi Bakı Azərbaycanın maraqlarını Orta Asiyada yüksək səviyyədə təmin etməkdə israrlıdır. Azərbaycanın bu prosesdə - yəni bu platformada - fəaliyyətinin yüksək səviyyədə olduğunun Orta Asiya ölkələri tərəfindən də etiraf olunması, rəsmi Bakının idarəçilik, yəni liderlik və avangardlıq qabiliyyətlərini də üzə çıxarır. Eyni zamanda bu, Azərbaycanın Orta Asiyadakı nüfuzunu və mövqelərini də möhkəmləndirir. Bu baxımdan hesab etmək olar ki, indiki şəraitdə - Orta Asiyanın önəminin artdığı bir mərhələdə - Azərbaycan enerji resursları ilə zəngin olan Orta Asiya ölkələri ilə münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Eyni zamanda, həmin ölkələrin idxal-ixrac proseslərində əsas tranzit ölkə statusu qazanmaq imkanlarına da malikdir".
Ekspertin sözlərinə görə, qarşılıqlı - həm siyasi, həm də iqtisadi-ticari - münasibətlərin inkişaf etdirilməsi baxımından Azərbaycan bu məsələdə də olduqca maraqlıdır. Böyük ehtimalla, Azərbaycan Orta Asiyada öz təsir və nüfuzunu hər keçən gün daha da artıracaq. Bu da qarşılıqlı fayda çərçivəsində Azərbaycanın iqtisadi inkişaf perspektivlərinin genişlənməsində mühüm rol oynayacaq.
Səidə Ramazanova