Vüqar Rəhimzadə: Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mühüm siyasi hadisədir

Prezident İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına  dövlət səfəri qalib Azərbaycanın, dövlətimizin başçısının nüfuzunun bir daha  göstəricisi oldu. Azərbaycan Prezidentinin  yüksək səviyyədə, qarşılıqlı etimada və səmimiyyətə söykənən dostluq münasibəti fonunda qarşılanması, keçirdiyi görüşlər, müzakirə edilən məsələlər, imzalanan sənədlər böyük tarixə malik Azərbaycan-Çin  əlaqələrinin bugününün və gələcəyinin aydın mənzərəsinin təqdimatı oldu. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşündə bir daha vurğulandı ki,  Azərbaycan və Çin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.  Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi xüsusi qeyd olundu. Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi. Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi. Artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı. "Bir kəmər, bir yol" layihəsini ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğu məmnunluqla qeyd edildi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki,  görüşlərdə son dövrlər Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı. Ötən il qəbul edilən strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycan Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəkləyir. Çin "Kəmər və yol" təşəbbüsü ilə Asiyanı, Avropanı və Afrikanı birləşdirən nəhəng ticarət və infrastruktur şəbəkəsi formalaşdırır. Ölkəmizin nəqliyyat və logistika imkanları,  xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Asiyanın məhsul və resurslarının Avropa bazarına çıxışı üçün əvəzolunmaz körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan artıq təkcə regionda enerji ixracatçısı deyil, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Çinə dövlət  səfəri çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Hər bir səfərin əhəmiyyətini, münasibətlərin gələcək inkişafında  rolunu təsdiqləyən mühüm məqamlardan biri imzalanan sənədlər və onların sayı ilə yanaşı, əhatə etdikləri sahələrdir. Səfər zamanı iki ölkə arasında 20-yə yaxın sənəd imzalandı. Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladıqları  "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" iki dost ölkənin münasibətlərinin gələcək inkişafında yol xəritəsi kimi qəbul edilə bilər. 18 bənddən ibarət olan Birgə Bəyanatda  qeyd edilir ki, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.  Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, "Tayvanın müstəqilliyi"nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Ümumiyyətlə, 18 bəndin hər biri Azərbaycan-Çin münasibətlərinin ayrı-ayrı sahələr üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə xidmət edir.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə edilən məsələlərdən göründüyü kimi, tərəflər bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır. Prezident İlham Əliyevin Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşündə münasibətlərimizin qısa vaxtda- bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusi qeyd edildi ki,  bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.  Çin Azərbaycanın birinci idxal tərəfdaşı olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır. Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkələrini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini bildirdi.

Vüqar Rəhimzadə bildirdib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri olduqca əhəmiyyətlidir. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişlənməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərində də öz əksini tapıb. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə qoşulması bu əlaqələri daha da gücləndirib. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqları nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verir. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir. Bu baxımdan səfər zamanı Çin Xalq Respublikasının Sədri  Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etməsi xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısı artıq iki dəfə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşundə iştirak edib. Növbəti dəvət bir daha Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun, hər bir məsələ ilə bağlı mövqeyinə verilən böyük önəmin təsdiqidir. Səfər ərəfəsində dövlət başçısı İlham Əliyevin Çinin Sinxua agentliyinə, səfər çərçivəsində isə  CGTN (China Global Television Network) telekanalına müsahibəsi Azərbaycan Prezidentinin səfərinin dost ölkədə necə maraqla, yüksək səviyyədə qarşılandığını təsdiqləyən mühüm məqamlardandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31