Milli Şurada yeni qovğa - SİYASİ ANALİZ
El hərəkatı Rauf Arifoğluna qarşı
30 Oktyabr 2013 15:53 SiyasətMilli Şurada narazılıq baş qaldırıb. El hərəkatının sədr müavini Eldəniz Quliyev "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunu seçki dövründə Milli Şuraya arxadan zərbə vurmaqda, Rüstəm İbrahimbəyova qarşı qara piar aparmaqda suçlandırıb. Onun fikrincə, Rauf Arifoğlu düşünülmüş şəkildə Milli Şuranı gözdən salıb, seçki kampaniyasına zərbə vurub, sonda Cəmil Həsənlini gözdən pərdə asmaq üçün dəstəkləyib. Eldəniz Quliyev İsa Qəmbəri də günahlandırıb. Bildirib ki, başqan nəinki Rauf Arifoğlunun və qardaşı Azər Ayxanın təxribatçı fəalliyyətinə göz yumub, hətta onları dəstəkləyib. Baş yazarın cavabı özünü çox gözlətməyib. Rauf Arifoğlu mətbuata açıqlamasında Eldəniz Quliyevi qərəzçilikdə günahlandırıb. Onun fikrincə, kinossenarist onlara qarşı ədavət bəsləyir. Rəsul Quliyevin, ALP və Əvəz Temirxanın Milli Şuraya qarşı xüsusi fəalliyyətini yada salan Rauf Arifoğlu deyib ki, Eldəniz Quliyev nədənsə, sabiq spikeri, liberalların pozucu fəalliyyətini görməzdən gəlir.
Milli Şurada nə baş verir? Eldəniz Quliyev gerçəkdən də Milli Şura üzvü olmayan Rauf Arifoğlunu nədən hədəfə alıb? Axı doğrudan da Milli Şuraya qarşı daha çox Rəsul Quliyev, Əvəz Temirxan açıqlama veriblər. Eks-spiker bütün seçki boyu Milli Şuraya qarşı piar apardı. ALP və Əvəz Temirxan seçki zamanı Şuraya heç bir dəstək vermədilər, seçkidən sonra isə ilk sessiyada qurumu tərk etdilər. Eldəniz Quliyevin fəallaşması və baş yazara qarşı açıqlamalar verməsi Rauf Arifoğlunun keçmiş fəaliyyəti ilə bağlı deyil. Doğrudur, baş yazar ilk gündən Milli Şuraya qarşı oldu, nə özü, nə də dostları qurumun üzvü olmadılar. "Milli Şura Rusiyanın projesidir" bəyanatı da Rauf Arifoğlunun açıqlamasıdır. Baş yazar və tərəfdarları mətbuatda, sosial şəbəkələrdə Rüstəm İbrahimbəyova ironik münasibət sərgilədirlər, Milli Şuranı maksimum aşağılamağa çalışdılar. Amma bu, keçmişdə qalıb. Eldəniz Quliyevi narahat edən məsələ Rauf Arifoğlunun son açıqlamasıdır. Baş yazar təklif edib ki, (ideya Vidadi İsgəndərliyə məxsusdur) AXCP ilə Müsavat birləşsin, Cəmil Həsənli də sədr olsun. Bu təklif AXCP və Müsavat rəhbərlərinin ürəyincə deyil. Amma ən çox Milli Şuraya zərbədir və Şurada təmsil olunan qüvvələri dışlamağa xidmət edir. Rauf Arifoğlunun çalışdığı odur ki, müxalifət Müsavatla AXCP-nin inhisarında qalsın, başqa qüvvələr müxalifət adından yararlana bilməsinlər. Bu baxımdan baş yazarın təklifi ənənəvi müxalifətin ürəyincədir. Amma bir iş var ki, "sədr Cəmil Həsənli olsun" təklifi Əli Kərimlinin, Müsavatda başqanlığın bir addımlığında olan Arfi Hacılının ürəyincə deyil. Ona görə də Eldəniz Quliyev arxayın danışır. Çünki AXCP onun dəstəkləyəcək. AXCP-nin niyyəti Rauf Arifoğlunu sıradan çıxarmaqdır. Belə görünür ki, plana start verilib. Hələ seçki dönəmi zamanı Əli Kərimlinin yaxın adamı Əbülfəz Qurbanlı bildirmişdi ki, Rauf Arifoğlu ülə üzülüşməyin zamanıdır. 2002-ci ildə Müsavatla müttəfiq olmaq istəyən AXCP belə bir şərt almışdı: Asim Mollazadə və Əliməmməd Nuriyevi uzaqlaşdırın, sonra. İndi AXCP şərt sürə bilər: Rauf Arifoğlu dışlansın, sonra Müsavatla müttəfiqlik davam etdirilsin. Eldəniz Quliyevin sərt açıqlamalaır AXCP-dən dəstək alacaq. Yaxın günlərdə AXCP-çi gənclərin Arifoğlu qardaşlarına mətbu hücumları başlana bilər. Əli Kərimli 2015-ci ilə güclü getmək istəyirsə, Rauf Arifoğlunu İsa Qəmbərin ətrafından uzaqlaşdırmağı bacarmalıdır.
Ərhun Abbas