“Daxildə Rusiya əleyhinə radikal hərəkat formalaşır” - MÖVQE
Vəfa Quluzadə: “Moskvanın miqrantlara qarşı apardığı aqressiv siyasət Rusiya üçün ciddi təhlükələrə yol açacaq”
30 Oktyabr 2013 14:24 Siyasət"Rusiya anormal dövlətdir, heç vaxt normal ölkələrdə belə şeylər olmur. Moskva bu cür gedişlərilə Rusiyanı biabır elədi. Kreml Rusiyanın necə dövlət olmasını anormal gedişlərlə bütün dünya qarşısında nümayiş etdirir. Orxan Zeynalovun əli qandallı polislər tərəfindən döyülməsi dəhşətli hadisə idi. Bu onu göstərir ki, Rusiya yarımfaşist ölkədir" - politoloq Vəfa Quluzadə Rusiyada millətçi qruplaşmaların miqrantlara qarşı artan hücumuna münasibət bildirərkən belə deyib. V.Quluzadə hesab edir ki, qeyri-millətlərə qarşı bu cür amansızlıq heç Hitler Almaniyasında da olmayıb. Adolf Hitler hakimiyyətə keçəndən sonra yəhudilərə bu cür rəftarlar etmədi. Alman diktatorun bütün yəhudilərin məhv edilməsinə əmr verdiyini deyən politoloqun sözlərinə görə, Hitler heç vaxt yəhudiləri insanların, mətbuatın gözü qarşısında öldürtdürməyib: "Ona görə Rusiya dəhşətli ölkədir, bunu bilmək lazımdır. Federasiyada belə təsəvvür yaranıb ki, Orxan Zeynalov məsələsi adi şoudur. Əslində belə deyil. Miqrantlarla aqressiv rəftar edən dövlət normal ola bilməz. Normal ölkələrdən bu cür hadisələrə qarşı yalnız adekvat addımlar gözləmək olar. Amma anormal dövlətlərin addımları adekvat olmur, düşünülməmiş olur. Çox vaxt bu cür hadisələr həmin dövlətin ziyanına işləyir. Miqrantlara qarşı aparılan radikal siyasət Rusiyanın əleyhinə və zərərinə işləyir. Ruslar özləri özünə ziyan vururlar. Çünki dünyada bir ölkənin imici əsas faktordur. Sabitlik, stabillik və imicin heç birisi bu gün Rusiyada yoxdur. Rusiya yavaş-yavaş cinayət ölkəsinə çevrilir, hal-hazırda kriminal hadisələrin sayı bu ölkədə durmadan artır. Rusiyada vəziyyət dolaşıqdır. Təkcə miqrantlar yox, ruslar üçün də federasiyada gərgin vəziyyət hökm sürür. Kreml miqrantlara qarşı olan münasibətini ruslara da göstərir. Rus müxalifəti mitinq keçirmək istəyəndə Moskva onları dəyənək və küt alətlərlə qarşılayır. Orxan Zeynalova edilən rəftar Kremlin ruslara verdiyi qiymətin təzahürüdür. Lakin ruslarla müqayisədə MDB ölkələrindən olan insanlara, xüsusən də azərbaycanlılara qarşı münasibət Rusiyada getdikcə təhlükəli hal alır. Həmin faktorlar Rusiya üçün ciddi problemlər yaradacaq. Rusiyada 20 milyondan çox müsəlman yaşayır. Moskvanın bu hərəkətləri federasiyadakı müsəlman toplumunu radikallaşdıracaq. Artıq demək olar ki, daxildə Rusiya əleyhinə hərəkat formalaşır". ("OLAYLAR" İA)