Radikalların seçkilərlə bağlı iddiaları mənasızdır - AKTUAL
30 Oktyabr 2013 14:14 SiyasətAzərbaycanda keçirilən prezident seçkilərinin nəticələri dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına baxmayaraq radikal müxalifət hələ də məğlubiyyətini həzm edə bilmir. Elə bu səbəbdən də bütün imkanlardan istifadə edərək seçkilərin nəticələrinə kölgə salmağa çalışırlar. Bunun üçün isə ən sərfəli üsul olan beynəlxalq təşkilatlara donos vermək, Azərbaycana qarşı mənfi münasibətdə olan təşkilatlar vasitəsilə təzyiq edilməsi yolu seçilib. Millət vəkili Musa Quliyev bildirib ki, müxalifətin radikal qanadı gərək ciddi işlərlə məşğul olsun, heç olmasa, ciddi fikirlərə düşsün. Ciddi işlərlə məşğul ola bilməsələr də, ən azı o arzuda olsunlar. Onun dediyinə görə, indi seçkilərin nəticələrindən və ya həmin nəticələrin dəyişdirilməsi ehtimalından danışmağın yeri, mənası yoxdur, artıq qatar çoxdan gedib. Millət vəkili qeyd edib ki, seçki qurtarıb, xalq öz səsini verib, öz seçimini edib, Mərkəzi Seçki Komissiyası, Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqləyib, inaqurasiya mərasimi olub, hökumət formalaşıb, hamı işində-gücündə, fəaliyyətindədir. Dünya dövlətlərinin əksəriyyəti Azərbaycan prezidentinə təbriklərini göndəriblər və göndərməkdə də davam edirlər: "İndi bir-iki beynəlxalq qurumun - hansı ki, Azərbaycana qarşı qərəzli mövqeləri əvvəldən məlum idi, rəyinə görə bunlar ortaya düşüblər ki, biz seçkinin nəticələrini dəyişəcəyik, filan edəcəyik və sair, amma reallıq odur ki, onların mitinqlərinə cəmi 500-600 adam gəlir. İndi onlar həm özlərini nahaq yerə yorurlar, həm də onlara az-çox inamı olan azsaylı Azərbaycan vətəndaşlarını incidir, onları ümidsizliyə yuvarladırlar. Yəni, radikalların seçkilər və onun yekunları ilə bağlı iddiaları mənasız iddialardır. Bu, əslində şeytana daş daşımaqdır". Millət vəkili eyni zamanda hesab edir ki, radikallar öz varlığını sübut etmək, göstərmək üçün mitinqlər yolunu seçiblərsə, bu, çox səhv yoldur: "Əslində konstruktiv əməkdaşlığa getmək, yaradıcı təkliflər vermək imkanları var və müxalifətdə olmaq o demək deyil ki, müxalifət mütləq və mütləq elə inqilab etməlidir, mütləq və mütləq zorakılıqla, nəyin bahasına olursa-olsun öz dediyini həyata keçirməlidir. Bu günlərdə Gürcüstanda da seçkilər oldu . Seçki qurtaran günü elə axşamı "exit-poll"un nəticələrinə görə artıq müxalifət partiyası iqtidar partiyasını təbrik etdi. Hamısı sivil, demokratik yolla siyasi mədəniyyət nümunəsi sərgilədi və düşünürəm ki, bizdə də əslində bunları etmək olar. Ancaq bizim radikal müxalifət imkan vermir ki, bizim o digər formalaşan müxalifətçilər, yeni gənclər sivil yol tutsunlar, sivil müxalifətdə olsunlar. Bu mənada hesab edirəm ki, radikalların tutduqları yolun bir mənası da yoxdur. Artıq özləri də özlərini tam mənasızlaşdırırlar. Bunlar siyasi füqurdan çox karikatura füquruna çevrilməkdədirlər. Artıq onların heç birini cəmiyyət ciddi qəbul etmir. Əgər Cəmil Həsənli son seçkilərdə müxalifətin radikal qanadının namizədi olana qədər cəmiyyətin müəyyən qrupu tərəfindən araşdırıcı alim, millət vəkili olmuş bir şəxs, bir müəllim kimi tanınırdısa, artıq indi ona da tam radikallaşmış və belə deyərdim ki, əvvəlki qazandığı dəyərləri itirmiş bir şəxs kimi baxılmaqdadır cəmiyyətin bütün təbəqələri tərəfindən. Yəni, insan gərək öz dəyərini özü müəyyənləşdirsin. İndi əgər o insanlar hesab edirlər ki, onların dəyərləri o küçələrdə, meydanlarda mitinqlər keçirməkdədirsə, bu da onların öz işidir. Amma hər halda kənardan baxanda çox çirkin görünür".
***
Millət vəkili Ceyhun Osmanlı qeyd edib ki, radikal müxalifətin, Milli Şura təmsilçilərinin 9 oktyabr prezident seçkilərini müşahidə edən Avropa Şurası Parlament Assambleyasının Müşahidə Missiyasının üzvləri ilə bağlı səsləndirdikləri ittihamlar cəfəngiyyatdan başqa bir şey deyil. Nəzərə almaq lazımdır ki, AŞPA müşahidəçiləri də daxil olmaqla, son-9 oktyabr seçkilərini müşahidə etmək, izləmək üçün Azərbaycana 1400-ə yaxın parlamentari-müşahidəçi gəlib. Həmin müşahidəçilər, parlamentarilər müşahidəçilik missiyasını həyata keçirərkən də konkret mexanizmlərə əsaslanır, müəyyən prosedurları öyrənirlər. Həmin şəxslər bu işi könüllü şəkildə həyata keçirirlər, yəni, əvvəlcədən seçkiləri müşahidə etməklə bağlı özləri müraciət edirlər. AŞPA müşahidəçiləri də daxil olmaqla, digər beynəlxalq qurumların, o cümlədən, Avroparlamentin deputatları eyni seçki məntəqəsində yox, ayrı-ayrı seçki məntəqələrində müşahidəçilik missiyasını həyata keçirirlər, necə ki, 9 oktyabrda da keçiriblər. Sonra beynəlxalq qurumların müşahidəçiləri, müşahidə missiyalarının üzvləri öz missiyalarında bir araya gəlir, yekun iclas keçirir və missiyaları adından seçkilərlə bağlı rəy bildirirlər. 9 oktyabr seçkilərində də məhz belə oldu. Özü də həmin rəylər, hesabatlar bir-iki parlamentarinin deyil, yüzlərlə, hətta, minlərlə parlamentarinin, müşahidəçinin fikrini ifadə edir və indi onları şübhə altına almaq, həmin müşahidəçilərə qarşı ağlasığmaz ittihamlar irəli sürmək qərəzdən və qeyri-obyektivlikdən başqa bir şey deyil: "Ümumiyyətlə, radikallar, Milli Şura təmsilçiləri hər zaman ziddiyyətli bəyanatlarla çıxış ediblər, bu dəfə də yenə ziddiyyətli mövqe nümayiş etdirirlər. Onlar bir tərəfdən Avropa qurumları ilə əməkdaşlıqdan danışır, onlarla münasibətlərin, əlaqələrin genişləndirilməsindən söz açır, bir tərəfdən də heç bir konkret dəlil, sübut, fakt olmadan onlara qarşı cəfəng iddialar irəli sürürlər. Bu, əslində müxalifətin, radikalların əsl göstəricisidir".
Alim