Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının qızıl dövrü oldu- Turan Rzayev- ÖZƏL
10 Aprel 15:48 SiyasətPrezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" forumda bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına dörd il sədrlik edib və bu müddətdə Hərəkatın fəaliyyətinə yeni dinamika gətirib. O, Azərbaycanın parlament və gənclər platformalarını təsis etdiyini, bu təşəbbüslərin Hərəkatın təsisat baxımından inkişafına töhfə verdiyini vurğulayıb.
Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan unudulan həqiqətləri beynəlxalq gündəmə daşıdı:
"Qoşulmama Hərəkatı dünyanın ikinci ən böyük təşkilatıdır. Yəni, BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Bu təşkilat uzun illər simvolik xarakter daşıyıb. Açıq demək lazımdır ki, formal xarakterli bir təşkilat kimi dünya siyasi arenasında heç bir əhəmiyyəti olmayıb. Amma, Azərbaycanın sədrlik etdiyi dövr təşkilatın həm sözünün keçərli olduğu, həm aktual məsələlərin gündəmə gətirildiyi, həm də bir təşkilat kimi BMT-ni belə keçəcək bir səviyyəyə gəldiyini deyə bilərik. Çünki BMT gündəliyinə belə çıxarılmayan aktual məsələlər, Qoşulmama Hərəkatının iclaslarında və Azərbaycanın sədrliyində ölkə başçısı Prezident İlham Əliyevin səyləri fonunda dilə gətirilmişdir. Misal üçün, biz bura nə deyə bilərik? Yeni Kaledoniya məsələsi, Mayotta adası və digər kiçik görülən, əslində isə kifayət qədər aktual olan münaqişələr var ki, Qoşulmama Hərəkatının sədrlik müddətində Azərbaycan bu xalqların səsi oldu, bu problemləri dilə gətirdi və bəlkə də bu qədər yüksək səslə bu məsələni dilə gətirən tək ölkə və tək sədr oldu. Təsadüfi deyil ki, Azərbaycanın sədrliyi o qədər uğurlu qəbul edildi ki, təkrar sədrlik belə təklif edildi və qəbul edildi. Azərbaycan bu baxımdan sədrliyi uzadılan və layiqli xidmət göstərən nadir ölkələrdən oldu. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə bir də ən önəmli məsələdən biri pandemiyanın ən qızğın dönəmlərinə düşməsidir. Azərbaycan BMT-də belə səslənilən bir məsələni, həmin dövrdə aktual olan bir məsələni, ən yüksək kürsüdən səsləndirdi.
Söhbət vaksin milliyyətçilərindən gedir. Bildiyiniz kimi, dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamanda əsasən, vaksin məsələsindən birinci növbədə inkişaf etmiş Avropa ölkələri və Amerika kimi ölkələr faydalansa da, pandemiyanın ən çox yayıldığı ölkələr olan Latın Amerikası, Afrika, Cənubi Şərqi Asiya kimi nisbətən daha az inkişaf etmiş sayılan regionlar, hətta üçüncü dünya ölkəsi sayılan bu regionlara vaksin milliyyətçiliyi edilir, onlara vaksin ən sonda və ən keyfiyyətsiz halda verilirdi. Halbuki, bu regionlarda yaşayan insanlar, vaksin verilən Qərbi Avropa və Amerika kimi regionlardan qat-qat çox insanın yaşadığı və pandemiyaya yoluxmağa daha müsait olduğu bir regionlar idi. Azərbaycan bu məsələni açıq şəkildə dilə gətirirdi. Qısa bir müddət sonra vaksin məsələsində dəyişiklik edildi və bu regionlara da bərabər səviyyədə vaksinlərin verilməsinə başlanıldı. Həm vaksin milliyyətçiliyi, həm ikinci planda, üçüncü planda qalmış dünya dövlətlərinin münaqişəli vəziyyətlərini, münaqişələrini, problemləri ən yüksək kürsüdən səsləndirməsi baxımından Azərbaycan prezidentinin və Azərbaycanın sədirlik müddəti Qoşulmama Hərəkatının qızıl dövrü kimi xarakterizə etmək olar".
Zeynəb Mustafazadə