Azərbaycan Gürcüstanın xarici siyasətində ən vacib ölkədir

Azərbaycan Gürcüstanın Şərqə, Gürcüstan isə Azərbaycanın Qərbə açılan qapısıdır

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfəri bir sıra nüanslar baxımından əlamətdar hadisə hesab olunur. Etiraf edilməlidir ki, Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlər son illər daha da möhkəmlənib. Azərbaycan qonşu dövlətin enerji təhlükəsizliyinə töhvə verməklə yanaşı, hər iki dövlət birgə regional layihələrdə tərəfədaşlıq edir. Ümumilikdə isə iki qonşu dövlət arasında siyasi və iqtisadi münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Məlumat üçün qeyd edək ki, təkcə ötən il ölkələr arasında ticarət dövriyyəsi 804.1 milyon dollar olub. Bu əvvəlki ilə nisbətən cüzi dəyişsə də son illər dövriyyədə kəskin artım müşahidə olunub. Belə ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 771.7 milyon, 2021-ci ildə 761.2 milyon, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Son 5 ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50.0 faiz artıb. Ölkələr yalnız enerji deyil, nəqliyyat-logistika daxil olmaqla fərqli sahələrdə əməkdaşlığı daha da gücləndiriblər. Qarşılıqlı iqtisadi və ticari əlaqələrdə potensial isə daha böyükdür. Gələcəkdə bu əlaqələrə yaşıl enerji əməkdaşlığının da əlavə olunacağı planlaşdırılır.

Milli Məclisin sədr müavini Musa Qasımlı qeyd edib ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi xarici səfərini ölkəmizə etməsinin rəmzi mənası vardır: "Bu o deməkdir ki, Azərbaycan Respublikası Gürcüstanın xarici siyasətində ən vacib ölkədir, münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Gürcüstanın Şərqə, Gürcüstan isə Azərbaycanın Qərbə açılan qapısıdır. Neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya vasitələri Gürcüstan ərazisindən keçərək Avropaya gedir. Bizi Gürcüstanla tarix, coğrafiya və ortaq maraqlar birləşdirir. Mətbuata bəyanatında cənab Prezidentimiz İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər münasibətlərimizin keçmişinin və bu gününün gerçək əks olunması, gələcəyinin sarsılmaz düsturudur: "Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil". Gürcüstan Prezidentinin dedikləri cənab Prezidentimiz İlham Əliyevin  dövlət və siyasi xadim olaraq  Azərbaycan və Cənubi Qafqaz regionu coğrafiyasının hüdudlarını çoxdan aşdığını, ölkəmizin necə həyati əhəmiyyət daşıdığını göstərir: "Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək."

Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, dünya nizamının pozuldüğu və yeni dünya düzəninin formalaşmasının çox təlatümlü bir mərhələsini yaşadığımız hazırkı dönəmdə yaşadığımız regionda davamlı təhlükəsizlik, sülh və əminamanlığın təmin edilməsi üçün Azərbaycan-Gürcüstanla münasibətlərin daim yüksək səviyyədə olması, qarşılılı hörmət, qarşılılı etimad və qarşılılı faydalılıq prinsipi əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bunu şərtləndirən önəmli amillərdən biri kimi iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmaslar və qarşılıqlı səfərlərin, o cümlədən hökumətlərarası və parlamentlərarası münüsibətlər, xüsusən də ölkələrimizin ali rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi hər iki ölkənin qarşılıqlı maraqlarının reallaşdırılmasında mühüm rol oynayır: "Bu kontekstdə bu il yanvarın 17-də Gürcüstanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən  üç ay sonra-aprelin 15-də Gürcüstan Prezidentinin də ölkəmizə rəsmi səfəri Azərbaycanla Gürcüstanın yeni əməkdaşlıq mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir. Bunun əsas konturları Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin mətbuata bəyanatlarla çıxışlarında aydın göründü. Azərbaycan Prezidenti öz çıxışında bildirib ki:"Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.Bizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir.Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri ...nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.Cənubi Qafqazda sülhün,əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir.Burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir.Əfsuslar olsun ki,uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir.Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq."Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili bildirib ki:"Əminəm,bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib.Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək". İstər bu ilin yanvarında Gürcüstan Baş Nazirinin, istərsə də apreldə Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı görüşlərdə və verilən bəyanatlarda səsləndirilən fikir və mesajlar Azərbaycan-Gürcüstan münasibətlərin yüksək səviyyədə olduğunu və tərəflərin ikitərəfli, regional və beynəlxalq formatlarda ölkələrimizin bir-birinin maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının bundan sonra da artan xəttlə davam etdirilməsi əzmini nümayiş etdirdi".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31