Səfər Əbiyevin “biznes imperiyası” nəzarətə götürüləcək

Generalın nəhəng mülkləri Azərbaycandan başlayaraq Avropa və Ərəbistanadək uzanır

Oktyabrın 23-də prezidentin sərəncamı ilə tutduğu müdafiə naziri postundan azad edilən general-polkovnik Səfər Əbiyevin Azərbaycan və xarici ölkələrdə xüsusi "biznes imperiyası"nın olduğu üzə çıxıb. İddialardan ortaya çıxan məntiq budur ki, S.Əbiyev 18 illk nazirlik fəaliyyəti dövründə qurduğu nəhəng biznesi dövlətin müdafiə üçün ayırdığı vəsaitlərdən əldə edib. Konkret olaraq keçən illər ərzində bu adam ordunu şəxsi mülkünə çevirib. S.Əbiyevin bir müddət əvvəl məlum səbəblərə görə bağlanmış Moskvadakı "Pakrov" ticarət mərkəzində də pay sahibi olduğu deyilir. Bazanın formal sahibi dağıstanlı Maqomed Talboyev olsa da, ona "Şəmkir qruplaşması" və ləzgilər nəzarət edirdi. Aparılan araşdırmalardan məlum olub ki, bazarda S.Əbiyevin də böyük payı olub. Sabiq nazirin kirvəsi kimi tanınan Şəmkirin sabiq icra başçısı Aslan Aslanov ləzgilərin vasitəçiliyilə bazarın əsas şəriklərindən biri idi. Bundan başqa S.Əbiyevin qardaşı Nazim Əbiyev Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edib. N.Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb və Müdafiə Nazirliyinin ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək burada şərikli bank yaradıb. Sabiq nazirin digər qardaşı Məhəmməd Əbiyev isə Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edib. Nazirin böyük qardaşı Cəlal Əbiyev ayrı-ayrı hərbi komissarlıqlardan pul yığmaqla məşğul olub. Səfər Əbiyevin digər qardaşı Rüstəm Əbiyev isə ordunu paltarlarla təchiz edən fabrikləri talayıb. Belə çıxır ki, sabiq nazir yaxın qohumlarını ən çox pul gətirən vəzifələrə təyin edərək ordunu tamamilə şəxsi ailə biznesinə çevirib. Bir müddət əvvəl məsələ ilə əlaqədar mətbuata ünvanlanmış məktubda bildirilirdi ki, Səfər Əbiyev qohumu, polkovnik-leytenant Elçin Mehdiyevi 1995-ci ildə MN-in Maliyyə İdarəsinə maliyyə hissə rəisi vəzifəsinə, 1998-ci ildə baş təftişçi, 2006-cı ildə nəzarət təftiş şöbəsinin rəisi, 2008-ci ildə isə Maliyyə İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsinə təyin edib. Nəticədə iki böyük maddi məsuliyyətli vəzifələr bir "təmiz" əldə cəmləşdirildi. Yəni pul ayıran və onun xərclənməsinə nəzarət edən eyni adam olub. Nəticədə Müdafiə Nazirliyinin Maliyyə İdarəsində və ona tabe olan hərbi hissələrin maliyyə xidmətlərində dövlət vəsaitlərinin oğurlanması, korrupsiya halları baş alıb gedir. Elçin Mehdiyev tərəfindən yaradılmış mexanizmlər vasitəsilə hər ay 100 minlərlə manat dövlət vəsaitləri mənimsənilib, sonra bu "əməliyyatlar"ın izi sənədlərin məhv edilməsi yolu ilə itirilib. Bundan başqa Səfər Əbiyevin korrupsiya yolu ilə Şimal bölgəsində - Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında istirahət mərkəzləri, restoran və kafelərinin olduğu bildirilir. S.Əbiyevin Quba və Şabran rayonlarında 100 hektarlarla alma və üzüm bağlarının olduğu iddia edilir. S.Əbiyev vəzifəsindən sui-istifadə edərək Qubanın Pirvahid kəndində və Şabran rayonu ərazisində torpaq sahələrini zəbt etdirərək meyvə bağları salmaqla məşğul olub. Əbiyev qohumlarının vasitəsilə insanların mal-qaraları üçün ayrılmış örüş yerlərini özəlləşdirib. Təkcə Şabran rayonunda insanlara məxsus olan 500 hektar torpaq sahəsi kəndlilərdən alınaraq Əbiyevin ixtiyarına verilib. Rayon sakinlərinin iddialarına görə, Şabranda xüsusi biznes sahibi olan sabiq nazir ayda iki aydan bir əraziyə baş çəkərək adamlarına xüsusi göstərişlər verib. Şikayət üçün sakinlərin nazirə yaxın buraxılmasına belə icazə verilməyib. Üzüm plantasiyalarındakı sortların hamısı Fransadan xüsusi olaraq gətizdirilib. Rayonda üzümün emalı üçün tikilən zavodların texniki avadanlıqları isə Almaniyadan alınıb. Qubanın Pirvahid, Alekseyevka və Vəlvələ kəndlərində də nazirin iri alma bağları var. Hazırda adı çəkilən kəndlərdə kəndlilərə məxsus alma bağları qalmayıb, hamısı Əbiyevin qohumları tərəfindən sabiq nazirin adın notarial qaydada özəlləşdirilib. Səfər Əbiyevin Azərbaycanda qurduğu biznes imperiyası bir ucu Rusiya, Türkiyə, Almaniya, BƏƏ, Macarıstan və İtaliyaya uzanır. Adı çəkilən ölkələrə məxsus banklarda S.Əbiyevin şəxsi hesabı olduğu deyilir. İddialardan ortaya çıxan məntiq budur ki, 18 illik fəaliyyət (sizliyi)i dövründə general-polkovnik Səfər Əbiyev ordu yox, kabinet naziri olub. Qeyd edək ki, sabiq nazirə məxsus mülklər hüquq mühafizə orqanları tərəfindən yoxlanılacaq.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00