ATƏT-in DTİHB çox ölkədə seçkilərə dəvət olunmur
Oqtay Əsədov: “Biz də bu barədə düşünməliyik”
29 Oktyabr 2013 16:37 SiyasətMilli Məclisin oktyabrın 29-da keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri çıxışlarını Azərbaycanda keçirilən son prezident seçkilərini tənqid edən Avropa qurumlarına həsr ediblər. İlk olaraq deputat, keçmiş prezidentliyə namizəd Zahid Oruc qeyd edib ki, 9 oktyabr prezident seçkilərindən sonra bəzi qurumların seçkilərlə bağlı mövqeyi anlaşılan deyil: "Azərbaycanda xalqla hakimiyyət arasında həmrəylik var. Bəzilərinin "Azərbaycan özünü Qərbdən ayırıb başqa səmtə yan alırmı" sualına cavab olaraq bildirirəm ki, bu suala cənab prezident Minskdə cavab verdi. Azərbaycana qarşı ikili standartlar, müxtəlif təzyiq vasitələri olub. Lakin sonradan bütün məsələlər öz yerini alıb. Hanı indi Steyner Gillər, Riçard Kozlariç, Karamanoğlunun oynadığı rol? Azərbaycan güclü dövlətdir, inkişaf edir". Deputat əlavə edib ki, bu günlərdə ABŞ-ın xüsusi xidmət orqanlarının dünyanın aparıcı ictimai siyasi xadimlərinin danışığının dinləməsi bəlli olub. O, Azərbaycanda demokratiya ilə bağlı tənqidi fikirlər söyləyən institutların bu məsələdə susduğunu xüsusilə qeyd edib: "Bəs hansı "Human Rayts Votç", Sərhədsiz Reportyorlar və digər təşkilatlar? Niyə insan hüquqlarının pozulmasına münasibət ifadə etmirlər? Amma Azərbaycanda bir jurnalistin həyatının hansısa hissəsi ilə bağlı bəyanatlar verirlər. Bütün bunlara baxmayaraq biz yolumuzu davam edəcəyik. Biz Rusiyanın egidası adı altında olmayacağılq və işimizi davam etdirəcəyik. Avropanın bu addımlarından çəkinmirik".Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Birliyi Parlament Assambleyasının seçkilərə belə münasibət ifadə etməsi təəssüf doğurur: "Azərbaycan müstəqillik əldə etdikdən bu yana ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ölkəmizin əleyhinə iş aparıb, qərəzli mövqedən çıxış edib. Biz bu qurumla nə qədər əməkdaşlıq etsək də, onların qərəzi ara vermir. Məlumat üçün deyim ki, əslində bu qurumu bir çox ölkələr seçkilərə buraxmırlar. Məsələn, Amerikada və Rusiyada keçirilən prezident seçkilərinə ATƏT-in bu institutunu buraxmayıblar. Avropa Parlamentinin seçki müşahidə qrupu isə Azərbaycandakı seçkiləri müşahidə ediblər, rəylərini veriblər. Seçkilərin demokratik və ədalətli keçirildiyi elan olunub. Amma sonradan Avropa Parlamenti seçkilərlə bağlı fərqli mövqe nümayiş etdirib". Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib ki, Avropa Birliyinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanata görə minnətdarlıq olmalıdı: "Azərbaycan heç bir ölkədən təcrid olunmamalıdır. Müxtəlif rəylər ola bilər. Amma Azərbaycan Avroatlantik məkana inteqrasiyası prosesində davam etməlidir". YAP-çı millət vəkili Aydın Mirzəzədə söyləyib ki, ölkədə keçirilən son prezident seçkilər tarixi hadisə idi və Azərbaycanın gələcəyi seçicilərin mütləq əksəriyyətinin iradəsi ilə öz əksini tapdı. Seçkilərin azad və ədalətli keçirilməsi əksər beynəlxalq qurumlar, yerli və xarici müşahidəçilər tərəfindən qeyd olundu. Demokratik dövlətlərdən təbriklər davam edir: "Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ABŞ Dövlət Departamentinin rəyi təəssüf doğurur. Maraqlıdır, ABŞ müxalifət namizədinə 25 faiz səs yazmasını təklif edir və Azərbaycan tərəfi buna getməyəndə belə mövqe nümayiş etdirir. Güclü və demokratik Azərbaycan, Azərbaycan xalqının seçimidir. Bunu Azərbaycanda olduğu kimi xaricdə qəbul etməlidir. Təzyiqlərin olmasına dair fikirlərə gəldikdə deyim ki, Azərbaycan xalqının iradəsini qəbul etmək lazımdır". Azərbaycanın Avropaya inteqrasiya olunmasının vacibliyini vurğulayan deputat Asim Mollazadə qeyd edib ki, Milli Məclisin əməkdaşlıq etdiyi bütün parlamentlər seçkini müşahidə etdilər və nəticələri yüksək qiymətləndirdilər: "Bu göstərir ki, Azərbaycan parlamenti bu institutlarla yaxşı əməkdaşlıq edib, onları yaxşı məlumatlandıra bilib. Hesab edirəm ki, bu ciddi fəaliyyətin nəticəsidir".
Millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildirən spiker Oqtay Əsədov qeyd edib ki, bəzi beynəlxalq qurumlar Azərbaycana qarşı ikili standartlar tətbiq edir: "Artıq seçkilər bitib, xalq rəyini bildirib, Azərbaycan yolunu davam etdirir: "Hesab edirəm ki, verilən bəyanatlara, yazılanlara və deyilənlərə fikir vermək lazım deyil. Həqiqətən Avropa Parlamenti və ATƏT Parlament Assambleyası əvvəl Azərbaycana nümayəndə göndərmək istəmirdi. Sonradan qeyd olundu ki, Ermənistanda seçkiləri müşahidə ediblər və s. Onlar da bundan sonra məcbur olub seçkiləri müşahidə etmək üçün nümayəndə göndərdilər. Avropa Birliyinin bura göndərdiyi müşahidə missiyası siyasətçilərdən ibarət idi və öz rəylərini bildirdilər. Hələ seçkilərdən əvvəl, sentyabrın 29-30-da Avropa Parlamentində dinləmələr keçirdilər. Orada bizim deputatlardan Fuad Muradov və Asim Mollazadə də iştirak edirdi. Biz bilirdik ki, orada nələrsə hazırlanır. Biz gördük ki, bu qurumlar öz qeyri obyektivliyini göstərdi. Avropa Parlamenti bu qurmun göndərdiyi müşahidə missiyasının deyil, başqa qurumun seçkilərlə bağlı rəyini müdafiə etdi. ATƏT-in DTİHB-nun isə Avropa Parlamentinə dəxli yoxdur. Hesab edirəm ki, bütün bunlar təzyiqdir. Azərbaycan prezidenti müstəqil siyasət aparır, Azərbaycanda böyük dövklətlərin maraqları var və onlar imkan yaranan kimi bundan istifadə edirlər. İndiyə qədər 3 seçkidə ATƏT-in DTİHB ilə ATƏT Parlament Assambleyası arasında fikri ayrılığı olub. İlk dəfə idi ki, ATƏT, Avropa Birliyi və Avropa Şurası fərqli rəylə çıxış etdi. Artıq bu məsələlər aydındır". Spiker qeyd edib ki, "Avronest" Parlament Assambleyası yarananda Azərbaycan təşəbbüskarlardan biri olub: "Avronestin əsas məqsədi o idi ki, Azərbaycanla əlaqələri genişləndirsin, inteqrasiya olsun, Şərq tərəfdaşlığı ölkələri arasında əlaqələr genişlənsin, məsələlər araşdırılsın və Avropa Parlamentinə hansısa təkliflər verilsin, qərarlar qəbul olunsun. Avronestin ilk sessiyası Bakıda oldu, biz Azərbaycanı tanıtdıq. İndiyə qədər belə hal olmayıb ki, Avropa Parlamenti Avronestin təklif etdiyi məsələ ilə bağlı qərar qəbul etsin. Bu hal baş verməyib. Biz bütün təşkilatlarda əməkdaşlığımızı davam etdirməliyik, bu tribunalardan istifadə olunmalıdır. ATƏT-in DTİHB isə siyasi alətdir. Onlar nə vaxt istəsələr seçkilərdə kiçik məsələni böyüdüb problem kimi təqdim edirlər. Bu sifarişli təşkilatdır. Bu qurum çox ölkədə seçkilərə dəvət olunmur. Bu haqda biz də düşünməliyik. Bizdə seçkilər oldu, xalq öz prezidentini seçdi və iş davam edir". Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirələrini davam etdiriblər.
Alim