Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq
29 Oktyabr 2013 16:16 Siyasət"Azərbaycan Qərb dövlətləri ilə, Qərb təsisatları ilə inteqrasiyada maraqlıdır. Azərbaycan bölgədə demokratiyanın üstün vəziyyətə gətirilməsində, terrorizmə qaşrı mübarizədə, nüvə komponentlərinin gizli daşınmasının qarşısının alınmasında, enerji təhlükəsizliyi sahəsində öz töhfəsini verib. Düşünürəm ki, gələcək inteqrasiya və əməkdaşlıq prosesində də Azərbaycan Avropa strukturlarını kənarda qoymayacaq". Bunu deyən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, hansısa qurumun daxilində olan bir neçə nəfərin fikri ümumən beynəlxalq qurumlar və orada təmsil olunan dövlətlərin adından qəbul edilə bilməz: "Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərbə inteqrasiyanı davam etdirəcək. Yəni, Azərbaycan bir qrup insanların fikri ilə Qərblə münasibətini dəyişməyəcək. Azərbaycanın dövlət siyasəti bütün Qərb dövlətləri ilə əlaqələrini inkişafını özündə ehtiva edir. Biz keçən il Avronestdə ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik. Bizim bu təsisatlardan kənarda qalmağımızı istəyənlərə fürsət verməməliyik. Azərbaycan doğru yoldadır".