“Düşünmürəm ki, Azərbaycana hansısa təzyiqlər mümkün olsun” - AÇIQLAMA

Rufiz Qonaqov: “Çünki Azərbaycan beynəlxalq aləmdə öz sözünü demiş ölkədir”

Prezident seçkilərindən xeyli müddət keçsə də, hələ də müəyyən xarici dairələr seçkinin nəticələrinə dair həqiqətə uyğun olmayan bəyanatlar səsləndirir, açıqlamalar verirlər. İddia edilir ki, səsvermə prosesi zamanı ciddi qanun pozuntularına yol verilib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov isə bunun əskini söyləyir.  Bəzi xarici dairələrin iddialarının heç də doğru olmadığını deyən Rufiz Qonaqov "OLAYLAR"-a verdiyi açıqlamada bildirib ki, Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri həqiqətən azad və ədalətli, demokratik şəkildə baş tutub: "Müşahidəçilərin rəyləri, aparılan müşahidələr belə deməyə əsas verir. Hətta Birləşmiş Ştatlar səfirliyi tərəfindən keçirilən iki "exit-poll"un nəticəsi də digər qurumların keçirdiyi "exit-poll"arın nəticələri və  Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərlə ciddi fərqlənmirdi. Yalnız 2-3 faiz fərq özünü göstərirdi". Mərkəz sədri hesab edir ki, bəzi beynəlxalq təşkilatların bir neçə seçki məntəqələrində müəyyən qanun pozuntuları barədə açıqlamalarına əsasən həmin məntəqələrdə səsvermənin nəticələri ləğv olunsa belə, yekun nəticələrə ciddi təsir özünü göstərməyəcək: "Əgər həmin beynəlxalq təşkilatlarda seçki nəticələrinə ciddi təsir edə biləcək faktlar olsaydı, onu təqdim edərdilər. Çünki biz seçki günü müşahidə apardığımız məntəqlərdə həmin faktlarla qarşılaşmamışıq". Rufiz Qonaqovun sözlərinə görə, istənilən ölkədə, hətta Birləşmiş Ştatlarda keçirilən seçkilərdə səsvermənin nəticələri məğlub olan tərəfdə müəyyən narazılıqlar yaradır: "Elə bir ölkə yoxdur ki, seçkinin nəticələrindən hamı razı qalsın. Ancaq həqiqət ondan ibarətdir ki, oktyabrın 9-da keçirilən seçkilərdə ciddi qanun pozuntuları baş verməyib". Mərkəz sədri bildirib ki, seçkinin nəticələrini şübhə altına almaq istəyən müəyyən xarici dairələr bu yolla Azərbaycana siyasi təsir etmək istəyirlər ki, bu da baş tutmayacaq: "Düşünmürəm ki, bununla bağlı Azərbaycana hansısa təzyiqlər mümkün olsun. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə öz sözünü demiş ölkədir. Müstəqil bir ölkə kimi Azərbaycanın özünün xarici siyasəti var. Eyni zamanda bütün beynəlxalq təşkilatlar və ölkələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar"..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00