Eks-spikerdən Mütəllibovsayağı gediş
Rəsul Quliyevin müxalifəti tənqid etməsinin səbəbləri məlum oldu
29 Oktyabr 2013 15:34 SiyasətSon vaxtlar eks-spiker, Açıq Cəmiyyət Partiyasının keçmiş lideri Rəsul Quliyevin siyasi mövqeyində müəyyən dəyişikliklər özünü büruzə verir. Bir vaxtlar radikal müxalifət mövqeyindən çıxış edərək hətta xalqı hakimiyyətə qarşı inqilaba səsləyən Rəsul Quliyev indi dünənə qədər eyni düşərgədə təmsil olunan "müttəfiqləri"ni kəskin tənqid edir. Liderlik etdiyi ACP-dən imtina edən, Milli Şuradan özünü kənarlaşdıraraq bu qurumun fəaliyyətini qeyri-məqbul sayan Rəsul Quliyev müxalifət düşərgəsinə tövsiyyə verməyi də unutmur. Elə Milli Şuranın oktyabrın 27-də keçiridiyi mitinqə eks-spikerin nümayiş etdirdiyi mövqedə də bu açıq şəkildə özünü büruzə verir. Müxalifət liderlərinin siyasətçi deyil, özləri üçün şüar səsləndirənlər hazırladığını qeyd edən Rəsul Quliyev bu cür siyasətlə heç nəyə nail olunmayacağını diqqətə çatdırır. Onun sözlərinə görə, Milli Şuranın son mitinqi bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyil: "Son mitinq bir daha göstərdi ki, müxalifətin xalqa deməyə sözü yoxdur". Bəs görəsən eks-spikerin siyasi mövqeyində baş verən dəyişiklik haradan qaynaqlanır və Rəsul Quliyev doğurdanmı müxalifətin mənasız mübarizə apardığı qənaətindədir? Yaxud Rəsul Quliyev bir vaxtlar eyni sırada olduğu radikal müxalifəti tənqid etməklə özünə bəraət qazandırmaqmı istəyir? Eks-spikerin siyasi mövqeyinin hansı səbəbdən dəyişdiyini öyrənmək üçün bir sıra müxalifət partiyası nümayəndələrinə müraciət etdik.
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu eks-spiker Rəsul Quliyevin müxalifətə yönələn tənqidlərini qəbuledilməz və qeyri-səmimi sayır. Onun sözlərinə görə, Rəsul Quliyev bir qayda olaraq özündən başqa heç kimin fəaliyyətini bəyənməyib: "Rəsul Quliyev elə danışır ki, sanki, nə dünya, nə də Azərbaycan çapında ona bərabər siyasətçi yoxdur. O, heç kəsin də fəaliyyətini bəyənmir. Təbii ki, bu cür mövqe nümayiş etdirmək normal qarşılana bilməz". AMİP rəsmisi deyir ki, təftişçiliklə, başqalarına irad bildirməklə kifayətlənməyi doğru yanaşma hesab etmir: "Təbii ki, müxalifətin də səhvləri var. Amma bu səhvləri təkcə Rəsul Quliyevin tənqid hədəfinə çevirdiyi siyasilər etməyiblər. Bu səhvlərdə Rəsul Quliyevin də rolu və iştirakı var. Nə yazıqlar ki, özlərini "Aydan arı, sudan duru" hesab edərək, buraxdıqları səhvləri etiraf etməmək kimi mənfi tendensiya təkcə Rəsul Quliyevin fəaliiyət prinsipi deyil". Əli Oruclunun sözlərinə görə, Rəsul Quliyev müxalifəti tənqid etməklə hakimiyyətin gözündə sağlam qüvvə imicini qazanmaq və bununla da Azərbaycana qayıdışını təmin etmək istəyir: "Lakin vətənə qayıtmağın yolu təkcə bunda deyil. Mən də çox istəyərəm ki, Rəsul Quliyev daxil olmaqla bütün siyasi mühacirlər Azərbaycana qayıtsın. Burada onların fəaliyyət göstərmələrinə imkan yaradılsın. Çünki bunun dövlətçiliyimiz üçün də bir çox üstünlükləri var. Lakin vətənə dönmək istəyən siyasi mühacirlərin də bunun üçün istək və iradələri olmalıdır".
Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov da hesab edir ki, eks-spikerin müxalifəti tənqid etməsinin arxasında Azərbaycana qayıtmaq istəyi dayanır: "Son vaxtlar eks-spikerin müxalifəti kəskin şəkildə tənqid etməsi təsadüfi deyil. İstər seçkiöncəsi, istərsə də seçkilərdən sonra Rəsul Quliyev demək olar ki, əsas siyasi fəaliyyətini müxalifəti tənqid etməyə yönəldib. Hesab edirəm ki, eks-spiker bununla sabiq prezident Ayaz Mütəllibov kimi Azərbaycana qayıdışını təmin etmək istəyir. Konkret desək Rəsul Quliyev də Ayaz Mütəllibovun yolunu gedir. Rəsul Quliyev düşünür ki, Mütəllibovsayağı gediş etməklə Azərbaycana qayıdacaq və bundan sonrakı ömrünü Vətəndə davam etdirəcək". Zakir Hüseynov onu da qeyd edib ki, Azərbaycandan kənarda yaşayıb ölkədə siyasi mübarizə aparan qüvvələri tənqid etmək normal yanaşma deyil: "Müxalifətin fəaliyyətini o adam tənqid edər ki, həmin şəxs özü ölkə daxilində siyasi mübarizə aparar, bu mübarizənin önündə olar. Azərbaycandan kənarda, rahat şəraitdə yaşayaraq buradakı siyasi prosesləri analiz etmək məntiqsizlikdir".
Süleyman İsmayılbəyli