Milli Şura formatını dəyişir - SİYASİ ŞƏRH

Ənənəvi müxalifət qurumun sədrliyini ələ keçirmək istəyir

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov rəhbərlik etdiyi qurumda həmsədrlik institutunun yaradılması təklifi ilə çıxış edib.   O, həmsədr postuna Cəmil Həsənlinin namizədliyini irəli sürüb. İbrahimbəyovun bu addımı Şura üzvlərinə güzəşt kimi qiymətləndirilə bilməz. Kinorejissor mövcud durumu doğru dəyərləndirib və düzgün qərar verib. Onun qərarına Şuranın son toplantısında səslənən "İbrahimbəyov Şura sədrliyindən çıxarılsın" təklifi də təsir edib. Əslində, Cəmil Həsənlinin vahid namizəd olması ilə Milli Şura tamamilə ənənəvi müxalifətin əlinə keçmişdi. Hazırda qurumda söz sahibi köhnə müxalifətdi və onlar istəsələr, Ziyalılar Forumunu tamamilə Milli Şuradan uzaqlaşdıra bilərlər. Milli Şura İctimai Palata formatına düşüb artıq. Seçki kampaniyası dövründə "Milyarderlər İttifaqı"ndan pul ala bilməyən ənənəvi müxalifət qəzəbli idi və bircə dəfə də olsun İbrahimbəyovun adını çəkmədi. Müsavatın timsalında Milli Şura təmsilçiləri İbrahimbəyovun adamı Eldar Namazova qarşı çox qəzəbli idilər. Bütün bunları İbrahimbəyov görürdü. Onun seçki kampaniyası dövründə müxalifəti çətin duruma salması da yaddan çıxmayıb. İndiki halda ənənəvi müxalifət İbrahimbəyovu Milli Şura sədrliyindən çıxara bilər. Bunu sadəcə, istəmirlər. Onlar məsələni zaman buraxıblar ki, İbrahimbəyov özü bu barədə qərar versin. İbrahimbəyov da qərarını verib.  Sədrlik postunu Cəmil Həsənli ilə paylaşmaq qərarına gəlib. İndilikdə həmsədrlik postu müxalifətə çox lazımdır. Birdən-birə Milli Şuranın rəhbərliyini ələ keçirmək kobud addım olardı. İbrahimbəyov Milli Şuranın ideya müəllifi və qurucusudur. Onun təşəbbüsü olmasaydı, bir-birini didməyə hazır olan ənənəvi müxalifət birləşə bilməyəcəkdi. Cəmil Həsənli isə müxalifətin seçkilərdə vahid namizədi olub. O da hazırda müəyyən dividentlərə sahibdir. Cəmil Həsənlinin həmsədr olması ənənəvi müxalifətin tədricən Milli Şuranı tam ələ keçirməsinə gətirib çıxaracaq. Ənənəvi müxalifətin əsas məqsədi Milli Şuranı parlament seçkilərinə qədər qoruyub saxlamaq, hazırkı tərkibin dağılmasının qarşısnı almaq, 2015-ci ilə parlament seçkiləri  zamanı Mili Şuranın ana müxalifət kimi çıxış etməsini təmin etməkdir.

Yəqin ki, Milli Şuranın növbəti toplantısında  Cəmil Həsənli Milli Şuranın həmsədri (faktiki olaraq rəhbəri) seçiləcək. Bununla da Eldar Namazovun iddialarına son qoyulmuş olacaq. İbrahimbəyovun özü də kənarda qoyulacaq.  Onsuz da kinorejiossor siyasətlə məşğul olmur, buna az həvəslidir. Ənənəvi müxalifət tədricən onu Milli Şura rəhbərliyindən uzaqlaşdıracaq. Həmsədrlik institutu ilə bağlı ən maraqlı nüans Cəmil Həsənlinin özü ilə bağlıdır. Ehtimal var ki, Cəmil müəllim də bir müddət sonra İbrahimbəyov kimi "elmlə məşğul olacağam" deyib kənara çəkilsin. O halda Milli Şuranın həmsədrliyi boş qalacaq. Siyasi analitiklərin fikrincə, ənənəvi müxalifət bu postları əslində özləri üçün yaradırlar. İbrahimbəyov və Həsənli siyasətdən kənarlaşandan sonra bu postu AXCP və Müsavat liderləri tutacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00