Millət vəkilindən həmkarlarına etiraz
“Bu, prezidentin işinə müdaxilədir”
29 Oktyabr 2013 15:19 Siyasət"9 oktyabr seçkiləri tarixdə qaldı, xalq öz seçimini etdi. Beynəlxalq təşkilatların artıq nəsə deməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir". Bunu deyən millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycanın xarici siyasətini prezident müəyyən edir: "Avropa Parlamenti seçkilərlə bağlı deklarativ bəyanat qəbul edib. Avropa Parlamenti onlarla belə bəyanat qəbul edir. Ona görə bunun ətrafında ajotaj yaratmağa ehtiyac yoxdur". Deputat Azərbaycanın Avronest-dən çıxması ilə bağlı mövqeyi dəstəkləməyib: "Biz Avronestin üzvüyük və Şərq Tərəfdaşlığında yaxından iştirak edirik. Biz bütün beynəlxalq tribunalardan istifadə etməliyik. Avropa parlamentində kiminsə səyi ilə nəsə qəbul edirsə biz Avronestdə fəaliyyətimizi dayandırmamalıyıq". M. Qurbanlı bu qurumdan çıxmaqla bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi bəyanatı ciddi tənqid edib. "Həmkarlarımız inciməsin. Bəzən elə çıxış edirlər ki, bu prezidentin siyasətinə müdaxilədir. Biz fikir bildirə bilərik. Xarici siyasətlə bağlı danışanda ehtiyatlı olmalıyıq. Avronest-lə bağlı çağırışlar yerində deyil. Bu məsələ parlamentin səlahiyyətindədir".