“Marqvelaşvili Rusiyaya “yaşıl işıq” yandırmayacaq” - PROQNOZ

Zərdüşt Əlizadə: “Yeni prezidentin hakimiyyəti dönəmində Gürcüstan-Azərbaycan əlaqələrində heç bir dəyişiklik baş verməyəcək”

"Gürcüstan və Azərbaycan çox səmərəli münasibətlərə sahibdirlər. Bu iki dövləti bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır. Gürcüstanın da ciddi bir hissəsi Azərbaycandan daxil olan malların tranzitindən keçir" - yeni prezident Georgi Marqvelaşvilinin hakimiyyəti dönəmində Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf perspektivlərini dəyərləndirən politoloq Zərdüşt Əlizadə "OLAYLAR"a açıqlamasında belə deyib. Z.Əlizadə hesab edir ki, hal-hazırda da hər iki ölkə arasındakı münasibətlər normal məcrada davam edir: "Yeni prezident Georgi Marqvelaşvilinin hakimiyyəti illərində də Gürcüstan-Azərbaycan əlaqələrində heç bir dəyişiklik baş verməyəcək. Gürcüstanda hakimiyyət başında kimin olub olmamasından asılı olmayaraq bu ölkə Azərbaycanla normal əlaqələr qurmağa məhkumdur". Yeni prezidentin hakimiyyəti dönəmində Gürcüstan üçün proqnozlarını verən Zərdüşt Əlizadə hesab edir ki, Marqvelaşvili Qərbyönlü siyasətçidir, Mərkəzi Avropa Universitetində təhsil alıb: "Yeni prezident də başa düşür ki, Gürcüstan üçün Rusiyanın əhəmiyyəti olduqca böyükdür. Abxaziya və Osetiya kimi müştərk problemin həlli də Rusiya ilə normal əlaqələrin qurulmasından keçir. Rusiya ilə iqtisadi və siyasi məsələlər Marqvelaşvili üçün də prioritet olacaq. Yeni dövlət başçısının hakimiyyəti dönəmində Gürcüstan bəzi problemli amillərə görə Rusiya qarşısında anlaqlı mövqe tutacaq. Lakin Gürcüstanın ərazi bütövlüyü təmin olunmadan yenidən Rusiya üçün "yaşıl işığın" yandırılması mümkün deyil. Marqvelaşvili Mixail Saakaşvilinin 10 ildə yaratdığı demokratik təsisatlarını yıxmayacaq. Əksinə Qərb və Rusiya ilə dil tapmağa çalışacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00