Fransa iqtisadi maraqları naminə Qvadelupa və Martinika sakinlərini təhlükəyə atıb

Parisdəki apellyasiya məhkəməsi Fransa hökumətini Karib dənizindəki Qvadelupa və Martinik adalarında qadağan olunmuş pestisiddən istifadə etdiyinə görə səhlənkarlıqda təqsirli bilən hökmü qüvvədə saxlayıb.

Bununla bağlı nüfuzlu xarici KİV-lərdə bir sıra məqalələr və materiallar dərc edilib.

Təxminən 1 300 nəfər 2020-ci ildə məhkəməyə müraciət edərək, digər tələblərlə yanaşı, 1972-ci ildən etibarən hər iki adada ardıcıl olaraq ən azı 12 ay yaşamış hər bir şəxs üçün xlordekon maddəsinə (Kepone adı ilə də tanınır) məruz qalmalarına əsaslanaraq 15 000 avro təzminat tələb edib. Bu pestisid 1976-cı ildə ABŞ-da qadağan edilib və nitq pozuntuları ilə yanaşı, digər nevroloji problemlərə səbəb ola bilir.

Paris İnzibati Apellyasiya Məhkəməsi bəyanatında qeyd edib ki, Fransa hökuməti "xlordekon əsaslı insektisidlərin satışına icazə verməkdə, onların uzun müddət istifadəsinə şərait yaratmaqda, bu istifadənin səbəb olduğu çirklənməni qiymətləndirməməkdə, ona son qoymamaqda, nəticələrini ölçməməkdə və zərərçəkmiş əhalini məlumatlandırmamaqda qanun pozuntularına yol verib".

Fransa tez-tez insan haqları və ekoloji dəyərlərdən danışaraq dünyaya dərs keçməyə çalışan bir dövlət kimi tanınır. Lakin İnzibati Apellyasiya Məhkəməsinin son qərarı Fransanın əslində bu dəyərlərə necə sayğısız yanaşdığını bir daha ortaya qoyur. Bu fakt bir daha göstərir ki, Fransa insan həyatını və təbiəti qorumaqda maraqlı olmaqdan çox, iqtisadi və siyasi maraqlarını üstün tutur.

Həmçinin, məhkəmənin qərarında qeyd olunub ki, dövlət çirklənməyə uzun müddət məruz qalmış insanların yaşadığı narahatlığa görə maddi təzminat ödəməlidir. Eyni zamanda, məhkəmə Fransa hökumətinin 10 nəfərə kompensasiya ödəməsinə də qərar verib.

Fransız rəsmiləri uzun müddət bu problemin ciddiliyini etiraf etməkdən yayınıb. Lakin xlordekonun ciddi sağlamlıq fəsadlarına, o cümlədən prostat xərçəngi və erkən doğuş risklərinə səbəb olduğu barədə bir çox məlumatlar mövcuddur. Belə ki, xlordekon maddəsi 1976-cı ildən ABŞ-də, 2004-cü ildən isə Stokholm Konvensiyasına əsasən bütün dünyada qadağan olunub. Buna baxmayaraq, Fransa hökuməti 1981-1990-cı illərdə bu zərərli maddənin satışını qanuni şəkildə davam etdirib və hətta Qvadelupa və Martinik adalarında əlavə üç il istifadəsinə xüsusi icazə verib.

Fransanın bu biabırçı əməlləri onun beynəlxalq səviyyədə nümayiş etdirdiyi "mükəmməl demokratik dəyərlər" imicini yerlə-yeksan edir. Paris dünyanın müxtəlif ölkələrində insan hüquqları ilə bağlı ittihamlar irəli sürərkən, öz nəzarətində olan ərazilərdə minlərlə insanın həyatı bahasına iqtisadi maraqlarını qorumağa üstünlük verir. Fransanın Qvadelupa və Martinik xalqlarına qarşı bu laqeydliyi əslində yeni tipli kolonial siyasətin təzahürüdür. Yəni, bir zamanlar hərbi və iqtisadi güc vasitəsilə yeritdiyi kolonializmi bu gün ekoloji və səhiyyə sahələrində aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31