Paşinyanın sülh mesajları: Gerçək niyyət nədir?– ÖZƏL
17 Mart 20:14 Siyasət"Nikol Paşinyanın Putin, Makron və İran prezidentinə zəng edərək Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının başa çatması ilə bağlı məlumat verməsinin, təbii ki, bir neçə hesablanmış səbəbi var. Bu səbəblərdən birincisi ondan ibarətdir ki, Ermənistanın baş naziri həm özünün, həm də ölkəsinin sülhdə maraqlı olduğunu nümayiş etdirməyə çalışır".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda, İran və Rusiya ilə münasibətləri daha da gücləndirərək bir növ Azərbaycanı bölgədə təkləmək niyyəti güdür. Bundan başqa, Nikol Paşinyan bu telefon zəngləri vasitəsilə Fransa prezidentinin dəstəyini qazanaraq Avropa İttifaqı ilə əlaqələrini möhkəmləndirmək istəyir və məhz bu dəstəklə Azərbaycan tərəfini sülh müqaviləsinin tezliklə imzalanmasına çağırmağa çalışır.
Lakin Paşinyan razılaşdırılmış iki əsas məsələnin - Konstitusiya dəyişikliklərinin və Avropa İttifaqı missiyasının bölgədən çıxarılması prosesinin tam şəkildə həll olunmadan müqavilənin imzalanmasını istəyir. Üstəlik, digər açıq qalan məsələlər də mövcuddur.
Bundan əlavə, son vaxtlar arxa plana keçmiş Güney Qafqaz məsələlərini yenidən önə çıxarmağa çalışır və sərhəddəki son təxribatlar da məhz bu məqsədə xidmət edir. Bu təxribatlarla qlobal aktyorların diqqətini Güney Qafqaza yönəltməyi və Azərbaycana təzyiqlər artırılaraq Ermənistanın istədiyi formada sülh müqaviləsinin imzalanmasını təmin etməyi hədəfləyir".
Zeynəb Rzayeva