Paşinyanın sülh sazişi ilə bağlı telefon diplomatiyası: Məlumat mübadiləsi, yoxsa hesabat? – ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması planlaşdırılan sülh sazişinin mətninin tamamlanmasının ardınca Rusiya, Fransa və İran liderləri ilə telefonla danışıb.

Paşinyanın bu addımı müxtəlif suallar doğurur - onun məqsədi nədir və bu danışıqların pərdəarxasında nə dayanır?

"Əslində bu məlumat özlüyündə Ermənistanın xarici siyasi kursu ilə bağlı yetəri qədər aydın təsəvvür yaratmış olur. Regional aktorlar olaraq Rusiya və İran ilə münasibətlərin ümumi mənzərəsində heç bir dəyişiklik müşahidə edilmir, baxmayaraq ki, Ermənistan Qərbə inteqrasiya oyunu oynamağa davam edir".

Bu fikirləri siyasi şərhçi Aytən Qurbanova Olaylar.az-a söyləyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın bu zəngləri, Ermənistan üzərində güclü təsirə malik olan dövlətlərə sülh prosesinin gedişatı barədə məlumat verməkdən çox, onlara hesabat təqdim etmək xarakteri daşıyır. 

"Ermənistanın Fransa ilə münasibətlərinin səviyyəsi hər kəsə məlumdur. Hər üç dövləti də birləşdirən ortaq xüsusiyyət isə Ermənistan üzərində yüksək təsir gücünə sahib olmalarıdır. Xüsusilə də, Fransanın "yüksək səyləri" nəticəsində işğalçı Ermənistanın hərbiləşdirilməsi regional təhlükəsizlik üçün ciddi təhdidlər formalaşdırır. Eləcə də, sülh prosesi ilə bağlı Ermənistanın hərbi-siyasi hakimiyyətinin siyasi iradəsizliyindən "səmərəli" şəkildə istifadə edilərək hadisələri manipulyasiya etmək cəhdləri davam etdirilir. Nəticə etibarilə, bu telefon danışığı zamanı verilən məlumatlar sülh prosesi ilə bağlı uğurlu mərhələnin yekunlarına dair məlumat mübadiləsindən daha çox hesabat xarakteri daşıyır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31