Moskva miqrantların ailəsinə qadağa qoydu

Vurğun Həsənli: “Rusiya bu addımı Avrasiya İttifaqına arxa çevirən ölkələri bir növ cəzalandırmaq üçün atıb”

Azərbaycan Turizm İnstitutunun əməkdaşı, Ankara Dövlət Universitetinin doktorantı, politoloq Vurğun Həsənli Rusiyanın miqrasiya qanunvericiliyində ediləcək dəyişikliklərə münasibətini "OLAYLAR"a bildirib. Politoloq Rusiyada olan miqrantların bütünlüklə Vətənlərinə göndəriləcəklərinə inanmadığını bildirib. Vurğun Həsənlinin sözlərinə görə, Rusiya artıq 20 ilə yaxındır ki, müxtəlif məsələlərdə Azərbaycana qarşı təzyiqlər həyata keçirir. Bu dəfəki təzyiq hədəfi də miqrantlardır. Vurğun Həsənli hesab edir ki, bu dəfə məsələ daha da ciddiləşib və qanunların daha da sərtləşəcəyi görünür. Politoloq eyni zamanda qeyd edir ki, qanunlar nə qədər sərt olsa belə bu, bütövlükdə bütün miqrantların çıxarıla biləcəyi anlamına gəlmir. "Çünki orada miqrantların əksəriyyəti qeyri-leqal şəkildə yaşayırlar. Onlar vergi vermirlər və miqrantlar üçün nəzərdə tutulmuş rüsumlardan da azaddırlar. Buna qarşı müəyyən tədbirlər görmək də mümkündür" deyə Vurğun Həsənli öz fikirlərini ifadə edib. Politoloq hesab edir ki, Rusiya bu addımı Avrasiya İttifaqına arxa çevirən ölkələri bir növ cəzalandırmaq üçün atıb. Politoloq qanunda dəyişikliklərin olacağı təqdirdə belə bunun ciddi bir nəticə verə biləcəyini düşünmür. Vurğun Həsənli hesab edir ki, bu sadəcə təsir mexanizmidir.

Məlumat üçün qeyd edək ki, Moskva merinin müavini Leonid Peçatnikov bildirib ki, təklif olunan yeni dəyişikliklər miqrantların öz ailə üzvlərini Rusiyaya gətirməsini çətinləşdirəcək.  Yeni təklifin bir ay ərzində qanuna əlavə edilməsi gözlənilir. Dəyişikliyə əsasən, yalnız minimum istehlak səbətinin dəyərindən iki dəfə artıq maaş alan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyə razılıq veriləcək.Qeyd edək ki, hazırda Moskvada minimum istehlak səbətinin dəyəri 11913 rubl, yaxud 400 dollardır. Dəyişiklikdən sonra ayda rəsmi olaraq 800 dollardan az maaş alan miqrantlar ailə üzvlərini Moskvaya apara bilməyəcəklər. Belə miqrantların ailə üzvləri Rusiya paytaxtına yalnız qısa müddətə, turist qismində gedə biləcəklər.  Miqrasiya qanunvericiliyinə təklif olunan digər dəyişikliyə əsasən, sahibkar işə götürdüyü hər xarici vətəndaş üçün dövlətə əlavə olaraq 200-400 dollar arası rüsum ödəməli olacaq. 

Bundan başqa, sahibkar MDB ölkələrindən olan vətəndaşları işə götürməsinin səbəbini dövlət qurumlarına əsaslandırmağa məcburdur. Sahibkarlar həmçinin miqrantların xidmətindən istifadə edirsə, büdcəyə ödədiyi gəlir vergisini üç ay əvvəldən ödəməli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00