Nikol Paşinyanın soyqırım iddialarından imtina etməsi Ermənistanda yeni siyasi mərhələnin başlanğıcıdır – ÖZƏL
17 Mart 13:28 SiyasətErmənistan baş naziri Nikol Paşinyanın "erməni soyqırımı"nın tanınmasının artıq Ermənistanın xarici siyasətində prioritet olmadığını bildirməsi ölkənin siyasi kursunda fundamental dəyişikliyə işarədir? Bu açıqlama Ermənistanın diasporası və regiondakı geosiyasi balans üçün nə deməkdir?
Məsələni Olaylar.az-a şərh edən Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev bildirib ki, Nikol Paşinyanın qondarma soyqırım iddialarından imtina etməsi, Ermənistanın yeni bir siyasi mərhələyə qədəm qoyması və erməni diasporasının təzyiq alətinin zəifləməsi ilə nəticələnəcək:
"Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına sonuncu səfəri zamanı erməni diasporunu məyus etmişdi. Həmin səfər ərəfəsində o bildirmişdi ki, qondarma soyqırım iddiası erməni xalqının gerçək faciəsi yox, əslində bu, Ermənistanı və erməni xalqını özünün imperiya ambisiyaları üçün istismar edən paytaxtların düşmənçilik siyasətidir və burada da erməni xalqından bir alət kimi istifadə olunur. Ona görə biz tarixə yeni bir baxış sərgiləməliyik. Qondarma aprel soyqırımının ildönümü ərəfəsində yenidən bu mövzunun aktuallaşması və Nikol Paşinyanın bu məsələdə əvvəlki dəst -xəttini davam etdirməsi, heç şübhəsiz ki, Ermənistan üçün yeni bir mərhələnin başlanğıcıdır. Bildiyiniz kimi, qondarma soyqırımı qardaş Türkiyəyə qarşı antitürk çevrələrinin, başda Rusiya, Fransa olmaqla digər xristian klubunun üzvləri olan ölkələrin Türkiyəyə qarşı təxribat siyasətidir. Bu gün belə bir iddiadan imtina etməklə Nikol Paşinyan həm Azərbaycanla başladılmış olan sülh proseslərinin davamlı olmasında maraqlıdır, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında səmimi olduğunu ortaya qoymağa çalışır. Şübhəsiz ki, bu mövqe Ermənistan üçün, xüsusilə regionda yeni bir reallıq formalaşdıracaq və erməni diasporunun uzun illərdir qondarma soyqırımı üzərindən yığmış olduğu siyasi kapitalı əlindən çıxacaq və bu diaspora üzərindən Azərbaycana və xüsusilə də Türkiyəyə qarşı formalaşan bu təzyiq alətinin əsas arqumenti əlindən alınacaq. Bunun nəticəsində diasporun fəaliyyət göstərdiyi ölkələrdəki siyasi əhəmiyyəti və çəkisi azalacaq".
Səidə Ramazanova