Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin gecikməsi regionda risklər yaradır – ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı "Euronews" televiziyasına müsahibə verib. Prezident  Əliyev  Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsinin imzalanmadığını xatırladıb. O qeyd edib ki, uzun müddət atəşkəs rejimi mövcud olsa da, bu, münaqişənin həlli demək deyil. Müharibənin tamamilə başa çatması üçün sülh sazişi imzalanmalıdır.

"Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər təkcə Cənubi Qafqaz üçün deyil, ümumilikdə bütün qaynar nöqtələr üçün aktual olan məsələləri özündə ehtiva edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi  Zeynal Əmrəliyev söyləyib. Siyasi şərhçi əlavə edib ki, atəşkəs müqaviləsi sülh demək deyil, bu, münaqişəni sadəcə dondura bilər:

"Əgər sülh müqaviləsi imzalanmayıbsa, bu, münaqişənin başa çatmadığını göstərir.  Məlum olduğu kimi,  Rusiya və Ukrayna arasında atəşkəs müqaviləsi ilə bağlı danışıqlar gedir və cənab Prezidentin dediyi də buna görədir ki, burada atəşkəs müqaviləsi imzalamaq sülhün əldə olunması demək deyil.  Ümumiyyətlə,  dünyanın bütün nöqtələrində həqiqətən də məntiq, realizm əslində budur. Sadəcə olaraq, bəziləri bəzi münaqişələri dondurmaq xatirinə atəşkəs müqaviləsi imzalanmasını istəyirlər. Guya ki, həmin regionda artıq müharibə bitib. Ancaq atəşkəs müqaviləsinin imzalanması müharibənin bitməsi anlamına gəlmir. Bunun biz  30 il ərzində şahidi olmuşuq. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalanmışdı. Ancaq gördük ki, münaqişə dondurulub və münaqişənin sülh müqaviləsi həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, digər vasitəçilər sadəcə olaraq məsələnin uzadılması və artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının işğalının legitimləşdirilməsinə çalışıblar".

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın təxribatları və atəşkəsin pozulması sülh danışıqlarını çətinləşdirir və bu münaqişənin yenidən gərginləşməsinə səbəb ola bilər.

"Azərbaycan və Ermənistan arasında hazırda sülh müqaviləsi ilə bağlı danışıqlar gedir və Ermənistan tərəfi son günlərdə çox təəssüflər olsun ki, yenidən yeni bir müharibə yaratmağın aurasındadır. Çalışırlar ki, nəsə əldə etsinlər. Azərbaycanla sərhədə artıq qoşun yığmaları haqqında məlumat var və son günlərdə müntəzəm şəkildə atəşkəs rejimi pozulur. Əgər belə davam edəcəksə, əlbəttə ki, Azərbaycan və Ermənistan arasında hər hansısa bir sülhdən danışmaq mümkün deyil.  Azərbaycan ordusu baxmayaraq ki, müharibədə qalib gəlib, bu müddət ərzində 2020-ci ildən, hətta 2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatından sonra da öz ordusunu sürətli şəkildə gücləndirdi və ordu əvvəlkindən daha güclüdür.  Ermənistan ordusunun başını rahatlıqla əzə bilər. Əgər yenidən Ermənistan buna cəhd edərsə, şübhəsiz ki, Cənubi Qafqazda vəziyyət gərginləşəcək  və Azərbaycan  Ermənistanı çox sərt şəkildə məğlub edəcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31