Azərbaycan-Estoniya əlaqələri daha da möhkəmlənəcək
17 Mart 2025 11:24 Siyasət"Estoniyadan millət vəkilləri rəsmi səfər çərçivəsində Bakıda oldular. Parlamentlərarası əlaqələrin inkişafına verdiyim töhfələr hər zaman mənim üçün xüsusi əhəmiyyət daşıyıb. Milli Məclisdə deputat olduğum dövrdə bu istiqamətdə gördüyüm işlərin Estoniya parlamenti tərəfindən qiymətləndirilməsi isə mənim üçün böyük qürur mənbəyidir". "Olaylar" xəbər verir ki, bunu sabiq millət vəkili Jalə Əhmədova deyib: "Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, dəyərli həmkarım Riyna Solmon gələn kimi mənimlə əlaqə saxladı və görüşdük. Görüş zamanı iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün həyata keçirdiyimiz təşəbbüslərdən danışdıq. Riyna, dostluq əlaqələrinin güclənməsinə verdiyim töhfələri vurğuladı və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdi. İnanıram ki, Azərbaycan-Estoniya əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və ölkələrimiz arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənəcək".