Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır

Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır.

Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Tərəflərin sülh sazişinin bağlanması istiqamətində göstərdikləri səylərə dəstək ifadə edirik. Bu səylər Azərbaycan və Ermənista arasındakı münasibətlərdə tarixi bir hadisəyə çevrilməlidir. Qırğızıstan Respublikası Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır və bununla əlaqədar Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - bəyanatda deyilir.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31