Qlobal Bakı Forumu Azərbaycanı beynəlxalq dialoq mərkəzinə çevirib
14 Mart 18:07 SiyasətSon illərdə Bakı Qlobal Forumu dünyada baş verən siyasi, iqtisadi və sosial proseslərin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Bu il on ikinci dəfədir təşkil edilən bu forum nüfuzlu dövlət və hökumət başçılarını, tanınmış siyasətçiləri, elm adamlarını və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək müasir çağırışlara dair dialoq mühiti yaradır. Forumun əhəmiyyəti təkcə müzakirə olunan məsələlərin aktuallığında deyil, həm də Azərbaycanın regional və qlobal siyasətdə artan rolunun nümayiş etdirilməsində özünü göstərir.
Bakı Qlobal Forumları qlobal siyasətdə mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirəsinə şərait yaradır. İndiyə qədər keçirilən forumların mövzusuna nəzər salanda görürük ki, dünyada baş verən siyasi böhranlar, münaqişələr və təhlükəsizlik təhdidləri forumun əsas mövzularından biri olub. Bu platformada Yaxın Şərq, Avropa, Afrika və Asiya regionlarında baş verən münaqişələrin həlli yolları müzakirə edilib. Forum, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində də müzakirə meydanı kimi çıxış edib və beynəlxalq ekspertlər Azərbaycanın sülh gündəliyini dəstəkləyən çağırışlar ediblər. Bundan əlavə, son illərdə dünya siyasətində qlobal nizamın dəyişməsi, çoxqütblülüyün güclənməsi və yeni iqtisadi blokların formalaşması Bakı Qlobal Forumunda əsas müzakirə mövzularından olub. Forum, Qərb və Şərq arasında diplomatik və iqtisadi münasibətlərin inkişafına töhfə verən mühüm platforma kimi çıxış edib. Bakı Qlobal Forumlarında iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf məsələləri də geniş şəkildə müzakirə edilib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi forumun bu mövzularda platforma kimi əhəmiyyətini daha da artırıb. Bununla yanaşı, forum süni intellekt, rəqəmsal transformasiya və texnologiyanın dünya siyasətinə təsiri kimi məsələlərin müzakirə olunduğu beynəlxalq məkanlardan biridir. Bakı Qlobal Forumları informasiya texnologiyalarının və innovasiyaların siyasi və iqtisadi münasibətlərdə rolunu araşdıran geniş diskussiyalar təşkil edir. Təbii ki, belə qlobal əhəmiyyətli mövzuların məhz Azərbaycanın himayəsi və təşəbbüsü altında yaradılan Bakı Qlobal Forumunda müzakirə edilməsi ölkəmizin rolunun təkcə ev sahibliyi ilə məhdudlaşmadığını göstərir. Çünki Bakı Qlobal Forumu Azərbaycanın beynəlxalq arenada nüfuzunu gücləndirən mühüm diplomatik tədbirlərdən biridir. Bu baxımdan bu cür forumlar vasitəsilə Azərbaycan beynəlxalq aktorlar arasında dialoqun qurulmasında mühüm vasitəçi kimi çıxış edir.
Bakı Qlobal Forumu həm də Azərbaycanın münaqişələrin həlli və regional sabitliyin təmin olunması istiqamətində atdığı addımları dünyaya tanıtmaq üçün bir fürsət yaradır. Azərbaycan xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüslərini təqdim etmək üçün bu platformadan aktiv istifadə edir. Bununla yanaşı, dünyanın əsas enerji istehsalçılarından olan Azərbaycanın enerji siyasəti artıq əsas müzakirə mövzularından birinə çevrilib. Xəzər regionunun enerji resurslarının qlobal bazarlara inteqrasiyası, Avropanın enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid mövzularında forumlar vacib dialoq mühiti yaradıb.
Bakı Qlobal Forumlarının təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu tədbirlərin uğurla həyata keçirilməsində aparıcı rola malikdir. Mərkəz beynəlxalq səviyyədə nüfuzlu şəxsləri bir araya gətirərək qlobal problemlərin həlli üçün səmərəli platforma yaradır. Mərkəz dünyanın müxtəlif regionlarından keçmiş və hazırkı dövlət başçılarını, diplomatları və nüfuzlu siyasətçiləri Bakı Qlobal Forumlarına cəlb etməklə Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmçinin Azərbaycanın tarixi və mədəni irsini dünyaya tanıtmaqla yanaşı, Nizami Gəncəvinin bəşəri dəyərlərini beynəlxalq müstəvidə təbliğ edir. Forumlarda multikulturalizm, mədəni irsin qorunması və sivilizasiyalararası dialoq mövzuları diqqət mərkəzində saxlanılır. Bundan əlavə, mərkəz Bakı Qlobal Forumları vasitəsilə qlobal təhlükəsizlik və davamlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də töhfə verir. Forum çərçivəsində qəbul olunan tövsiyələr və strateji sənədlər qlobal siyasətin formalaşdırılmasına təsir göstərir.
Buradan da görünür ki, Bakı Qlobal Forumları beynəlxalq siyasətdə strateji əhəmiyyətə malik tədbirlərdən biri kimi formalaşıb. Burada aparılan müzakirələr təkcə Azərbaycanın maraqları üçün deyil, həm də dünya siyasətinin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu forumlar ölkənin beynəlxalq arenada nüfuzunu artırır və qlobal siyasi proseslərdə aktiv rol oynadığını göstərir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər, Azərbaycanın multikulturalizm və beynəlxalq dialoq mərkəzinə çevrilməsi prosesini daha da sürətləndirir.
MTM Analitik Qrup