“Niderland ermənipərəst siyasət yürüdərək münaqişəni alovlandırmağa çalışır” - Elçin Xalidbəyli — ÖZƏL

Ermənistan və Niderland strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bunu ikitərəfli münasibətlərdə "yeni mərhələ" adlandırıb. 
Maraqlıdır ki, Niderland həm sülhü dəstəkləyir, həm də Ermənistanla strateji tərəfdaşlıq imzalayır - bu, hansı geosiyasi məqsədlərə xidmət edir? 

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, Niderland və digər Avropa Birliyi ölkələri ermənipərəst siyasət yürüdərək, Cənubi Qafqazda sülh prosesini əngəlləyir və münaqişənin yenidən alovlanmasına şərait yaratmağa çalışırlar:

"Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin razılaşdırılmasına Niderland da daxil olmaqla Avropa Birliyinə daxil olan ölkələrin bir çoxu dəstək veriblər. Amma bu dövlətlərin, eləcə də bütövlükdə Niderlandın da üzvü olduğu Avropa Birliyinin dəstək bəyanatlarının səmimi olmadığı, daha çox riyakarlıq xarakteri daşıdığı qətiyyən şübhə doğurmur. Çünki heç kimə sirr deyil ki, Niderlandın üzv olduğu Avropa Birliyi ermənipərəst siyasət yürüdür və hazırda Ermənistanın silahlandırılması prosesini də Sülh Fondundan maliyyə yardımları ayırmaqla məhz Avropa Birliyi maliyyələşdirir. Əgər Ermənistanın hərbi xərclərə yönəltdiyi həmin maliyyə vəsaiti həqiqətən hərbi xarakter daşımasaydı, onda Ermənistanla yanaşı, Avropa Birliyi Azərbaycana da Sülh Fondundan maliyyə dəstəyi ayıra bilərdi. Avropa siyasi elitası riyakar bir siyasi elitadır və onları Cənubi Qafqazda sülh prosesi qətiyyən maraqlandırmır, əksinə, iki ölkə arasındakı anlaşma meyllərini alqışladıqlarını bəyan etsələr də, böyük ehtimalla daha çox məyus durumdadırlar. Çünki Avropa Birliyinə də Cənubi Qafqazda münaqişənin yenidən alovlanması daha sərfəlidir. Çünki müxtəlif bəhanələrlə sülhməramlı qüvvələri və s. tipli bəhanələrlə Cənubi Qafqazda yerləşmək üçün bir bəhanə axtarırlar. Bu baxımdan Niderlandın ermənipərəst siyasəti, Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi imzalaması və buna paralel olaraq Cənubi Qafqazda sülhü dəstəklədiyini bəyan etməsi qətiyyən təəccüblü deyil. Çünki Avropa Birliyi də ona daxil olan əksər dövlətlər də ermənipərəst mövqedən çıxış edirlər. Onları Cənubi Qafqazda sülh qətiyyən maraqlandırmır və əllərindən gələn hər şeyi edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi pozulsun və münaqişə yenidən alovlansın, onlara da geopolitik oyunlar üçün yeni məkan açılmış olsun. Belə addımlar yəqin ki, gələcəkdə də atılacaq və buna Azərbaycan dövlətinin həmişə hazır olması və bütün bunların nəzərə alınması lazımdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31