Azərbaycan şərtlərini daha da genişləndirə bilər- Aqşin Kərimov - ÖZƏL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda sülh sazişi layihəsi üzrə danışıqların başa çatdığını bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın təkliflərini qəbul edib. Növbəti mərhələdə Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların aradan qaldırılması vacibdir. Nazir, həmçinin Minsk Qrupunun və digər təsisatların ləğv olunmasının əhəmiyyətini vurğulayıb.



Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov Olaylar.az-a açıqlamaslnda bildirir ki, Azərbaycan şərtlərini daha da genişləndirə bilər:

"Xarici İşlər Naziri Ceyhun Bayramov açıqlamasında dedi ki, Ermənistan sülh gündəmi ilə bağlı əvvəllər etiraz etdiyi iki maddə üzrə artıq razılığa gəlib. Onlar iki dövlətin beynəlxalq səviyyədə bir-birlərinə qarşı iddialardan əl çəkməsi və Avropa İttifaqı Missiyasının regiondan çıxarılması ilə bağlı məsələləri əhatə edir. Lakin sülh gündəmi yekun bir həllə doğru çatmayıb. Razılığın əldə olunması o demək deyil ki, bütün detallar razılaşdırılıb və sülh mətni tam hazırdır. Buna görə də, sülhlə bağlı danışıqların daha da intensivlənəcəyi gözlənilir. Bu fonda Azərbaycan şərtlərini daha da genişləndirə bilər. Gündəmdə olan məsələ Ermənistan konstitusiyanın dəyişdirilməsi və ATƏT-in  Minsk qrupunun fəaliyyətinin hüquqi olaraq ləğv edilməsinə nail olmaqdır. Ermənistan bu tələblə razılaşmasa, Azərbaycan diplomatik-siyasi hücumlarını artıraraq öz məqsədlərinə nail olmaq potensialına malikdir. Təbii ki, diplomatiya öz nəticəsini vermədikdə müəyyən güc tətbiqi ssenariləri gündəmə gəlir ki, bunu da Ermənistan yaxşı anlayır. 

Ümumilikdə sülh gündəmi ilə əlaqədar Ermənistanda daha konkstruktiv mövqeyə əsaslanan bir niyyət görünsə də, açıqlanmayan məsələlər də var. Bu məsələlər üzrə razılığa gəlinməsi üçün də müəyyən addımlar atılacaq. Həmin addımların nəticəsindən asılı olaraq Azərbaycan qərarlar verəcək və hənin qərarların regional və beynəlxalq səviyyədə hansı reaksiyalar doğuracağını hesablayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31