Ölkələr müstəqil qərarlar qəbul etmək imkanı əldə etmək üçün dayanıqlı iqtisadiyyata sahib olmalıdırlar - Elnur Məmmədov

Ölkələr müstəqil qərarlar qəbul etmək imkanı əldə etmək üçün dayanıqlı iqtisadiyyata sahib olmalıdır.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumu çərçivəsində "Yeni dünya nizamında orta güclər" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

"Müstəqil qərarlar qəbul etmək və milli maraqları önə qoymaq imkanı əldə etmək üçün əlbəttə ki, dayanıqlı iqtisadiyyatın olması lazımdır. Və biz məhz belə bir iqtisadiyyatı son 30 ildə Azərbaycanda qurmuşuq. Əgər bu yoxdursa, əgər strateji müstəqilliyiniz və iqtisadi azadlığınz yoxdursa, siz müstəqil qərarlar qəbul edə bilməyəcəksiz vəöz ölkənizin maraqlarını nəzərə ala bilməyəcəksiz", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, resurslardan və geostrateji mövqedən düzgün istifadə etməyi bacarmaq lazımdır.

"Qaydalar heç də hər zaman hər bir vəziyyətdə kömək etmir və biz yalnız BMT-də və ya Təhlükəsizlik Şurasında qətnamələrin qəbul edilməsini deyil, eyni zamanda yerində real dəyişikliklərə səbəb olacaq həll yollarını tapmağa çalışırıq. Və məhz bu, Azərbaycan üçün qarşıya çıxan bir məsələyə çevrildi, çünki illər boyu ölkəmiz Ermənistan tərəfindən silahlı təcavüzə məruz qaldı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi heç bir dəyişikliyə gtirib çıxarmadı", - E. Məmmədov deyib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31