Azərbaycanda seçkiləri müşahidə edən xarici ekspertə qarşı qarayaxma kampaniyasına start verilib
28 Oktyabr 2013 17:37 SiyasətBəzi beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri hələ də Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini həzm edə bilməyiblər. Azərbaycanda öz maraqlarının təmin olunmasında maraqlı görünən dairələr hələ də təzyiq rıçaqlarından istifadə etməkdədir. Elə bu səbəbdən də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri barədə müsbət rəy verən müşahidəçilər hədəfə alınıb. Hədəfə alınanlar sırasında beynəlxalq təşkilatlarla yanaşı müşahidə missiyasında təmsil olunan ayrı-ayrı şəxslər də var. İş o yerə çatıb ki, qərəzli dairələr öz müşahidəçilərinin ziddinə gedərək onlara qarşı təzyiq vasitələrinə əl atıblar. Səbəb isə məlumdur ki, həmin müşahidəçilər Azərbaycandakı seçkilər barədə təmsil etdikləri beynəlxalq təşkilatın mövqeyinə uyğun gəlməyən açıqlamalarla çıxış ediblər. Yəni, ortaya ədalətli mövqe qoyaraq Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik və şəffaf başa çatdığını etiraf ediblər. Məlumat üçün qeyd edək ki, Azərbaycanda keçirilən oprezident seçkilərini xarici dövlətlərdən olan 1400-dən artıq müşahidəçi izləyib. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycan seçicilərinin iradəsinin ziddinə olaraq xalqın seçimini şübhə altına almağa cəhd göstərir. Azərbaycan hökumətinə və xalqına göstərilən təzyiqlərin səmərəsiz olduğunu görən bəzi dairələr indi də beynəlxalq müçahidəçilərə qara yaxmağa start veriblər. Hazırda seçkiləri müşahidə edən və onun nəticələri barədə müsbət rəy verən xarici ekspertlərə təzyiqlər edilir, hətta Azərbaycan Prezidentini inamlı qələbə münasibətilə təbrik edənlər belə kənarda qalmır.
Məlum olduğu kimi prezident seçkilərini müşahidə edən ATƏT-in qısamüddətli müşahidə missiyası, bu qurumun Parlament Assambleyasının müşahidə qrupu, habelə AŞPA-nın müşahidəçiləri seçkilərin şəffaf və ədalətli keçirilməsi ilə bağlı rəy verdilər. Ancaq həmin rəylər bu qurumları idarə edən dairələrin maraqlarına uyğun olmadığından dərhal qərəzli hesabatla çıxış etdilər. Sözügedən hesabatda isə təbii ki, maraqlı qüvvələrin maraqlarını ifadə edən müddəalar əksini tapdı. Hesabatın keçərli olmadığını görən müəlliflər ardınca ABŞ Dövlət Departamenti adından qeyri-obyektiv mövqe sərgilədilər. Bununla Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq məqsədilə bəyan etdilər ki, guya Azərbaycandakı seçkilər beynəlxalq standartlara cavab verməyib. Sərgilənən bu mövqeyin qərəzli olmasına əmin olmaq üçün elə də dərin siyasi təhlil aparmağa ehtiyac duyulmur. Elə baş verən proseslərin xronologiyası hər şeyi açıqlığı ilə ortaya qoyur. Diqqət yetirin, Azərbaycanda olan prezident seçkilərini ABŞ-dan olan onlarla nüfuzlu siyasətçilər, bu ölkədə fəaliyyət göstərən təşkilatların nümayəndələri müşahidə etmiş və bu proseslərlə bağlı müsbət rəyini ifadə etmişlər. Ancaq ABŞ Dövlət Departamenti ölkəsinin müşahidə missiyasının fəaliyyətini şübhə altına alaraq əks bəyənatla çıxış edir. Nəzərə almaq lazımdır ki, bu mövqe həm də Dövlət Departamenti tərəfindən müşahidə missiyasını aşağılamaq, eləcə də missiya üzvlərinin nüfuzuna xələl gətirməyə bərabərdir. Hansı ki, həmin müşahidə missiyası üzvlərinin kifayət qədər seçki təcrübəsinin olması şübhə doğurmur. Əks halda bu şəxslərin müşahidə missiyasında təmsil olunması mümkünsüz olardı. Bu halda belə bir sual meydana çıxır: necə oldu ki, cəmi bir il öncə ABŞ-da keçirilən prezident seçkilərində obyektivliyə şübhə ilə yanaşıldığından və etimad göstərilmədiyindən bəzi ştatlarda seçki məntəqələrinə buraxılmayan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun müşahidəçiləri Dövlət Departamenti üçün birdən-birə ədalət rəmzinə çevrildi? Cavab birdir: baş verən proseslər Azərbaycanda keçirilən prezident seçkilərini gözdən salmaq, onun guya beynəlxalq standartlara cavab vermədiyi haqqında dünyada rəy formalaşdırmağa hesablanıb. O da sirr deyil ki, bəzi beynəlxalq təşkilatların belə ədalətsiz mövqe nümayiş etdirməsində "sapı özümüzdın olan baltaların" da rolu az deyil. Daha dəqiq "Milli Şura" adlanan qondarma qurumun simasında Azərbaycan müxalifəti və erməni lobbisi ilə sıx əlaqədə olan bu dairələr beynəlxalq aləm tərəfindən seçkilərə verilən yüksək qiyməti həzm edə bilmir və indi də Avropa Parlamenti, Avropa Şurası, ATƏT Parlament Assambleyasına təzyiq göstərir, onların rəyini dəyişdirməyə çalışırlar. Buna səbəb isə müxalifətin seçkilərdə biabırcasına uduzması və olan-qalan nüfuzunu da itirməsidir. İndi isə radikal müxalifət itirilmiş nüfuzunu bərpa etmək üçün xarici dövlətlərə üz tutub. Məlumata görə, AP-dən sonra indi də AŞPA-ya qərarını dəyişdirmək üçün təzyiqlər olunur. Bu qüvvələrin fövqündə duran ABŞ-ın yeni ssenari hazırladığı bildirilir. Belə ki, Avropa Parlamentinin plenar sessiyasında "lazımi" qətnamə qəbul etdirdikdən sonra indi də Avropa Şurası ilə müvafiq "iş" aparılır. Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar Avropa Şurasının baş katibi Torbörn Yaqlanda müraciət ünvanlayıb və AŞPA müşahidə missiyasının rəyindən narahatlığını ifadə edərək ona bir daha bu məsələdə ABŞ-ın mövqeyini xatırladıb.
Nəticə də özünü çox gözlətmədi. Verilən məlumata görə, AŞPA Daimi Komitəsinin noyabrın 22-də Vyanada keçiriləcək iclasında Azərbaycandakı seçkilərin müzakirəyə çıxarılacağı gözlənilir. Paralel olaraq Azərbaycanda seçkiləri müşahidə edən 1000-dən artıq xarici ekspertə qarşı qarayaxma kampaniyasına start verilib. Onların ofisləri, evləri qarşısında etiraz aksiyaları təşkil olunur, elektron poçt ünvanlarına tənqid və təhqir dolu məktublar göndərilir, haqlarında mənfi rəy formalaşdırılır. Üstəlik, Azərbaycan Prezidentini inamlı qələbəsi münasibətilə təbrik edən bəzi nüfuzlu şəxslər də bu qüvvələrin hədəfinə çevrilir. Məsələn, guya Fransada yaşayan bir qrup azərbaycanlı mühacir tərəfindən Kann şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Bernard Broşana, Şabil şəhərinin meri, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Gendrauda, həmin vilayətin Ali Şurasının prezidenti Andre Vilyeyə ünvanlanmış təzyiq xarakterli məktubu da bu qəbildəndir. Bütün bunlar bir daha təsdiq edir ki, müxtəlif ölkələrdə demokratiyanın səviyyəsi müəyyən qüvvələrin maraqları prizmasından qiymətləndirilir. Artıq ikili standartlar yox, birbaşa təzyiq yolu tutulub. Ancaq məlum olanı odur ki, hansı oyunların aparılmasından asılı olmayaraq heç bir beynəlxalq təşkilatın qəbul etdiyi qərar Azərbaycan xalqının iradəsinə təsir göstərə bilməyəcək.
Alim