Müsavatda qarşıdurma - SİYASİ ŞƏRH
AXCP narazılığı körükləməyə başladı
28 Oktyabr 2013 15:01 SiyasətÖtən bazar Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Ölkədə hazırkı ictimai-siyasi durum, qarşıda duran məsələlərlə bağlı Müsavat başqanı İsa Qəmbər çıxış edib. Başqan Azərbaycanın xarici siyasət kursuna toxunub və bildirib ki, Gömrük İttifaqına, Avrasiya İttifaqına doğru addımlar atmaq Azərbaycanın maraqlarına uyğun deyil. Başqan Milli Şuranın son qərarlarına da toxunub və seçkidən sonrakı siyasətin doğru olduğunu deyib.
Başqandan sonra çıxış edənlər gərginlik yarada biləcək fikirlər səsləndiriblər. Sabir Məmmədli adlı fəal Müsavatın fəaliyyətinin tamamilə yeni prinsiplər üzərində qurulmalı olduğunu deyib. O deyib ki, avqust ayında Müsavat və AXCP-nin bütün təşəbbüsü Eldar Namazova verməsi doğru deyilmiş. Müsavat fəalı Milli Şuranın yaranması, Rüstəm İbrahimbəyovun sədr seçilməsindən sonra Eldar Namazovun qurumun icra aparatına sədr seçilməsini nəzərdə tutub.
S. Məmmədli ardınca Müsavat rəhbərliyini ittiham edib: "Müsavatda avtoritarizm baş alıb gedir. Təklif edirəm ki, yaxın günlərdə bununla bağlı bir müzakirə təşkil edək".
Onun bu fikirlərinə etiraz edən Arzu Səmədbəyli ilə Sabir Məmmədli arasında mübahisə yaşanıb. Partiya funksioneri Gülağa Aslanlının partiyanın Lənkəran şəhər təşkilatı sədrinin dəyişdirlməsini təklifi də narazılığa səbəb olub.
Seçkidə məğlubiyyətdən sonra ənənəvi müxalifət partiyalarında narazılığın yaranacağı gözlənilən idi. Narazılıq daha çox Müsavat və AXCP-də baş verəcəkdi. Müsavat üçün söylənilən proqnozlar doğrulmağa başlayıb. Əslində "Təşəbbüs Eldar Namazova niyə verildi" ittihamı bəhanədir və Müsavatın məğlubiyyəti başqalarının üzərinə atmaq cəhdidir. Guya Milli Şuranın icra aparatına Eldar Namazov deyil, Arif Hacılı rəhbərlik etsəydi, nə baş verəcəkdi? Sabir Məmmədlinin Rauf Arifoğlu qruplaşması tərəfindən danışdırıldığı aşkar görünür. Baş yazar qabaqdangəlmişlik edərək məğlubiyyətin suçunu Namazova stavka edənlərin, dolayısı ilə İsa Qəmbərlə Əli Kərimlinin üzərinə qoyur. Müsavatdakı mübahisənin tirajlanması, tez-tələsik ictimaiyyətə çatdırılması isə AXCP-nin işidir. Seçkidən sonra ənənəvi müxalifətin "boz kardinal"ı statusunu almış Əli Kərimli hesab edir ki, Müsavatı parçalamağın zamanıdır. Milli Şura yaranandan sonra baş vermiş siyasi qovğalarda artıq Rauf Arifoğlu Müsavatın müdafiəçisi deyil. Deməli, Əli Kərimlinin qarşısında duran olmayacaq. Müsavatı parçalamaq üçün əla fürsət yaxalayan AXCP fürsəti boşa verənə oxşamır. Müsavata hücumun anonsunu isə Əbülfəz Qurbanlı, Natiq Ədilov seçkidən öncə vermişdilər. AXCP niyyətinə gəlincə, hədəf İsa Qəmbərin siyasətdən uzaqlaşması, Müsavatın iki yerə parçalanmasıdır. AXCP çalışır ki, Arif Hacılının nəzarətində qalan Müsavat daha zəif olsun.
Ərhun Abbas