Rus gedişi
28 Oktyabr 2013 14:38 SiyasətMəşədi Cəfər
Ruslar öz ölkələrində yaşayan cümlə müsəlmanlara, özəlliklə də qafqazlılara, bir az da dəqiləşdirsək, azərbaycanlılara qarşı aqressivləşiblər. Bu saat Rusiyada qara olmaq, qafqazlı olmaq zülmdür. Qaranlıq küçəni keçəndə hər bir müsəlman kəlmeyi şəhadətini gətirir ki, birdən bir başıqırxıq rus faşisti çıxar, bıçağı namərdcəsinə kürəyinə saplayar, fürsət bulub şəhadət gətirə bilməz. Orxan Zeynalov hadisəsi ilə başlayan mərəkə indi-indi məlum olur ki, bəhanə imiş. Rusların dərdi heç də hansısa rusun öldürülməsi deyil. Cinayət hadisəsi hər yerdə baş verir. Azərbaycanda, Bakıda, Sumqayıtda da cinayət hadisəsi baş verir. Bir də görürsən "mıxlamış" rus alkaşı azərbaycanlını öldürür. Həmin rusu tutub sanki Bin Laden ələ keçib kimi heç kim polis rəisinin qəbuluna aparmır. Hüquqi prosedur gərəyi nədirsə, onu həyata keçirir, polis cinayətkarı tapıb həbs edir, iş məhkəməyə göndərilir. Rusiya isə bu hadisəni bilərəkdən şişirtdi. Azərbaycanlını, qafqazlını, müsəlmanı xoxan kimi təqdim etmək üçün. Bəs Rusiyanın məqsədi nədir? Rus ayısı nədən belə qəzəbləndi? Axı bu qafqazlılar, orta asiyalılar, rusların özləri demiş, qaralar olmasa, rus şəhərlərində zibil dizə çıxar...Deməli, ruslar qaraları tamam qovub çıxarmaq istəmirlər. Sadəcə, onlara, onların gəldikləri dövlətə dərs vermək istəyirlər. Siyasətdə buna, rus gedişi demək olar.
Rusiyanın siyasi gedişi öz yerində. Amma rusların baş faşisti Vladimir Jirinovskinin açıqlaması, ardınca miqrasiya siyasətinin sərtləşməsi, miqrantların ailələrini Rusiyaya gətirməsinə qoyulan qadağa onu göstərir ki, Moskva müsəlmanların ölkədə artmasına imkan vermək niyyətində deyil. Jirinovski deyib ki, Dağıstan xalqlarının iki uşaqdan artıq övlad dünyaya gətirməsinə imkan vermək olmaz. Qafqaz liderlərinin bu təklifə təpkisi belə deməyə əsas verir ki, bu, onsuz da reallaşan deyil. Ən təhlükəlisi miqrant ailələrinin Rusiyaya buraxılmamasıdır. Bu, o deməkdir ki, məsələn, azərbaycanlı və ya dağıstanlı Rusiyaya gedir, tək-subay yaşayır, rus qızı ilə evlənir və bu izdivacdan doğulan uşaqlar rusdilli, rus tərbiyəli olurlar. 18 ildən sonra isə Rusiya millisinin azrəbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov kimi, "mən rusiyalıyam, Azərbaycanla əlaqəm yoxdur" deyir, özünü rus sayır. Bax, imperiyanın milliyyətçi dairələrinin əsas məqsədi də budur: Rusiyada kökü qafqazlı, müsəlman, amma düşüncəsi rus adamlar yetişdirmək. Onlar gələcəyin xaspulatovları olacaq.
Bəs rus planını necə önləmək olar? Müsəlman xalqları bu hiyləgər gedişə qarşı nə edə bilərlər? Məncə, bunun da çarəsi var. Rusiyada islam sürətlə yayılır. İslam bütün dünyada olduğu kimi Rusiyada da passionar gücdür. Rusiya müsəlmanlarının yeganə gücü, xilas yolu məzhəb ayrı-seçkiliyinə getmədən vahid islam ətrafında birləşmək, gücə çevrilmək, Qafqaz, Orta Asiya mənşəli insaların ruslaşmasının qarşısnı almaq, onlarla ailə quran rusları da müsəlmanlaşdırmaqdır. Bu halda müsəlman xalqları öz milli kimliklərini saxlaya biləcək, Moskvanın ruslaşdırma, milli asimilyasiya siyasətinı qarşı dayana biıəcəklər. Rus öz planını uyğulasın, biz də dayanmağı, dayanışmanı bacaraq. İslam ümməti nəyi bacarmasa da, təhlükə qarşısında həmrəyliyi, birləşməyi bacarır.