“Əli Kərimli Müsavat partiyasının parçalanmasına start verib” - Elşən Musayev
“Partiyaların rayon təşkilatları arasında münasibətlər olduqca gərgindir”
28 Oktyabr 2013 14:16 SiyasətMüsavat Partiyası Ali Məclisinin növbəti sessiyasında qalmaqal baş verib. Partiya funksioneri Sabir Məmmədli Müsavat rəhbərliyini avtoritarizmə yol açmaqda ittiham edib. Onun fikirlərinə etiraz edən Məclis sədri Arzu Səmədbəyli ilə Sabir Məmmədli arasında mübahisə olub. Partiyanın Lənkəran təşkilatının sədri İman Əliyev də partiya rəhbərliyinə qarşı sərt fikirlər səsləndirib. Qeyd edək ki, sessiyada baş verən qalmaqalla bağlı xəbərlərin yayılmasına daha çox AXCP yönlü sayt və qəzetlər üstünlük verib. Siyasi analitiklər hesab edirlər ki, Müsavat əleyihə olan informasiyaların AXCP yönlü mətbu orqanlarda yer alması Xalq Cəbhəsinin Müsavatı sıradan çıxarması maraqlarına xidmət edir. Məsələyə münasibət bildirən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev hesab edir ki, AXCP və Müsavat biri-birinə inanılmaz dərəcədə antipatk münasibət bəsləyən qurumlardır. Bu partiyaların rayon təşkilatları arasında da gərginlik yüksək həddədir. E.Musayev bildirdi ki, AXCP və Müsavat Partiyası arasıdna düşmənçilik 2000-ci ildən başlayıb. Həmin ildə İsa Qəmbər Müsavatın parlamentdəki təmsilçisi idi. Əli Kərimli Müsavatın parlamentdə təmsil olunmasını qəbul edə bilmir. Həmin ildən başlayaraq soyuq münasibətlərin bu gün də davam etdirildiyini deyən partiya sədrinin sözlərinə görə, AXCP hələ də Müsavat partiyasının parçalanmasında maraqlıdır. Müsavat daxilində də partiyanın parçalanmasında maraqlı olan qüvvələr var: "Çünki 20 illik uğursuzluq həmin qüvvələri bezdirib. AXCP və Müsavatın əsas problemi ətrafında tərəfdaş toplaya bilməmələridir. Həmin partiyaya tərəfdaşları yalnız seçki ilində lazım olur, ondan sonra isə yox. Qalan günlərdə AXCP və Müsavat hər hansı problemlərlə üzləşən tərəfdarları ilə maraqlanmırlar. Partiyaların bu əməlləri insanları iyrəndirir. AXCP və Müsavat müxalifəti monopoliyaya alıblar, müxalifətçilyi heç nə ediblər. Müsavatın daxilində də artıq İsa Qəmbərin xarizması itib. Başqan bir neçə ay bundan qabaq söz verdi ki, qurultay keçirib sədrlikdən gedəcək. Lakin hələ də verdiyi sözə əməl etmir. Bəzi məsələlər həll edilməsə Müsavatda parçalanma olacaq. Əli Kərimli inanılmaz dərəcədə kinli adamdır. Hətta seçkilər öncəsi də Əli Kərimli dolayı yollarla Müsavatın ünvanına "şərəfsiz" sözünü işlətmişdi. Həmin vaxt iki partiya arasında olan gərginlik onların mətbu orqanlarının əlaqələrinə də təsir etmişdi. Bu gün də AXCP-in Müsavatın parçalanmasına yönəlik cəhdlərə start verməsi təbiidir". ("OLAYLAR" İA)