Avropa Parlamenti qərəzli mövqeyindən əl çəkmir - Hüseynbala Mirələmov

“Avroparlament yenə ikili standartlarını nümayiş etdirdi”

"Azərbaycana qarşı əksər məqamlarda qərəzli mövqedə dayanan Avroparlamentin son qətnaməsi də qeyri-obyektiv və tam əsassızdır". Bunu deyən millət vəkili Hüseynbala Mirələmovun sözlərinə görə, belə bir qətnamə qəbul etməklə, sözügedən qurum Azərbaycana qarşı olan növbəti qərəzli mövqeyini və yanaşmasını ortaya qoyub: "Avroparlament də daxil olmaqla, heç bir beynəlxalq qurum Azərbaycanın daxili işlərinə qarışa, Azərbaycan vətəndaşlarının, seçicilərinin rəyinə, seçiminə müdaxilə edə bilməz. 9 oktyabr prezident seçkiləri də beynəlxalq və yerli müşahidəçilərin iştirakı, müşahidəçiliyi ilə tam demokratik, ədalətli, şəffaf şəkildə keçirilib və Azərbaycan xalqının iradəsini özündə əks etdirib. Bu baxımdan, heç bir beynəlxalq təşkilatın, o cümlədən, Avroparlamentin, ATƏT DTİHB-in seçkilərin yekunlarına kölgə salmaq cəhdləri qəbul olunan deyil". Millət vəkili həmçinin bildirib ki, Azərbaycan Avroparlamentin üzvü deyil və bu təşkilatın qarşısında hər hansı bir öhdəliyi də yoxdur: "Avroparlamentin qəbul etdiyi sənəd də deklorativ xarakterli sənəd olaraq sadəcə, ictimai rəyə yönəlib. Digər beynəlxalq və regional qurumlar kimi, Avroparlamentin müşahidə missiyası da seçkiləri yaxından izləyib və seçkilərə müsbət rəy verib. İndi bunun fonunda Avroparlament qəbul etdiyi son qətnamə ilə başqa-çox ədalətsiz və qeyri-obyektiv mövqe ortaya qoyur. Bu da təbii ki, həmin qurumun məsələyə ikili yanaşmasının təzahürüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00