Radikal müxalifətin tarixin arxivinə qovuşmasına az qalıb

Kamilə Əliyeva: “Müxalifət heç bir uğurlu siyasəti ilə yadda qalmayıb”

"Müsavat da daxil olmaqla, radikal müxalifətin, onların zorla bir araya gəldiyi, gətirildiyi qeyri-ciddi qurum olan Milli Şuranın özünün tarixin arxivinə yola salınmasına çox az bir müddət qalıb. Əslində, 1993 və 2003-cü ildən, xüsusən də, bu ilin əvvəlindən-seçkilər prosesinə hələ rəsmi start verilməzdən əvvəl bu düşərgə tarixin arxivinə doğru "inamla" addımlamaqda idi". Bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, hər zaman demokratiyadan danışan Müsavat və onun başqanı özü ilk öncə anti-demokratik addımları ilə seçilir: "2010-cu il parlament seçkilərindən sonra partiya başqanlığından gedəcəyəni desə də, üstündən 3 il keçməsinə baxmayaraq, İ.Qəmbər hələ də qeyri-qanuni şəkildə Müsavatı idarə etməkdə, sıravi müsavatçılar da daxil olmaqla, partiya rəhbərliyi açıq-aşkar bu qanunsuzluğa göz yummaqda, hətta, əsassız arqumentlərlə buna bəraət qazandırmaqdadırlar. Azərbaycanda bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə, hətta, ölkə seçicilərinin 2009-cu ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya edilən mütərəqqi dəyişikliklərə birmənalı müsbət münasibət bildirmələrinə qarşı çıxanlar özləri əməldə bunun əksini nümayiş etdirirlər. İki müddətdən artıq, daha doğrusu, 21il ərzində Müsavata rəhbərlik edən, onu şəxsi kontoruna çevirən və heç bir uğurlu fəaliyyəti, siyasəti ilə yadda qalmayan bir şəxs bu partiyanı səlahiyyət müddəti çoxdan bitməsinə baxmayaraq, hələ də qanunsuz şəkildə idarə etməkdədir. Bu, əlbəttə, Müsavatın, müsavatçıların məsələsidir və bizə aidiyyatı yoxdur, özləri bilərlər nə edirlər. Amma bizi maraqlandıran məsələ odur ki, hər zaman anti-demokratik addımları, davranışları və fəaliyyətləri ilə seçilənlərin, başda da Müsavat və müsavatçılar da olmaqla, demokratiyadan, seçkilərdən danışmağa heç bir mənəvi və siyasi haqları yoxdur. Onlar heç bir halda iqtidara, hakimiyyətə demokratiyadan, demokratik seçkilərdən dərs keçə, onu nədəsə ittiham edə bilməzlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00