Eldar İbrahimovdan müxalifətə tövsiyə
“Ya siyasətlərini dəyişsinlər, ya da istefa verib, siyasət səhnəsini tərk etsinlər”
28 Oktyabr 2013 12:41 Siyasət"Radikalların, Milli Şuranın son-27 oktyabr "aksiya"sı da gözlənildiyi kimi, uğursuzluqla nəticələndi". Bunu deyən hakim partiyadan olan millət vəkili, parlamentin komitə sədri Eldar İbrahimovun sözlərinə görə, sözügedən "aksiya"nın biabırçı sonluqla bitməsi heç də havanın yağmurlu olmasında, təbiətin şıltaqlığında deyil, buna səbəb Azərbaycan vətəndaşlarının, seçicilərinin radikallara olan mənfi münasibətində, onlara dəstək verməməsindədir: "1993 və 2003-cü ildən bu yana bu qüvvələr hələ də anlamır və başa düşmürlər ki, Azərbaycan cəmiyyəti onlardan birdəfəlik əlini üzüb, onlara etimadsızlıq nümayiş etdirib. Radikallar bunu dərk etmək və anlamaq əvəzinə səhvi, günahı həmişə özündən kənarda, hakimiyyətdə axtarıb, bununla da səhv dalınca səhv buraxıb və bugünkü rəzil bir vəziyyətə gəlib çatıb". Komitə sədri deyib ki, radikalların bugünkü acınacaqlı vəziyyətə gəlib çatmasında da əsl və birbaşa günahkar onların özləri, həmin qüvvələrin ötən 20 il ərzində apardıqları yanlış və yarıtmaz siyasi "fəaliyyət"lərindədir: "Atalar məsəli var, özü yıxılan ağlamaz, yaxud da, daldan atılan daş topuğa dəyər. Radikallar səhvi, günahı özlərində axtarmalıdılar. Onlar elə güman edirdilər ki, 80-90-cı illərdəki kimi hansı aksiyalarla nəyəsə nail ola bilərlər, biləcəklər. Amma indi həmin radikalların bir zamanlar at oynatdıqları dövr, dövran deyil. İndi Azərbaycan da əvvəlki Azərbaycan deyil, indi Azərbaycan oturuşmuş, güclü, hesablaşılan bir Azərbaycandır və ölkənin taleyi etibarlı əllərdədir. Ona görə radikallar heç nəyə ümid bağlamasınlar. Ya siyasətlərini dəyişsinlər, ya da istefa verib, siyasət səhnəsini tərk etsinlər. Hər halda bu, onların məsələsidir, bu, bizi qətiyyən, maraqlandırmır və narahat etmir. Amma bir daha deyirəm ki, radikalların dövranı çoxdan ötüb-keçib".