“İran parlamenti daxildə böhranın davam etməsində maraqlıdır” - AÇIQLAMA
Qabil Hüseynli: “Rejim İsrail, Qərb və ABŞ-la radikal dillə danışmağa çalışır”
28 Oktyabr 2013 12:38 Siyasətİran parlamenti prezident Həsən Ruhaniyə qarşı çıxıb. Belə ki, parlament Ruhani tərəfindən İranın gənclər və idman naziri postuna namizəd kimi göstərilən Rza Salehi Əmirini təcrübəsizlikdə ittiham ediblər. Siyasi analitiklər hesab edirlər ki, parlamentlə yeni prezident arasında yaranmış vəziyyət Həsən Ruhanini keçmiş dövlət başçısı Mahmud Əhmədinejadın taleyilə üzləşdirəcək. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli qeyd etdi ki, parlament və Həsən Ruhani sadəcə xalqla oyun oynayır. İranın prezident administrasiyası, parlament və dini qurumların hamısı biri-birilə bağlı olan dairələrdir. Q.Hüseynli hesab edir ki, parlament sadəcə olaraq Həsən Ruhanini qorxutmağa çalışır: "Ruhaninin Əhmədinejad kimi sərt ittihamları açıq şəkildə deməyə gücü çatmır. Ona görə də yeni prezidentin Əhmədinejadın taleyini gözləməsi mümkün deyil. Mövcud rejimini dünyada gedən proseslərdən başı çıxmır. Rejim Həsən Ruhanini Qərb, ABŞ və İsraillə danışıqlara getməyə qoymur. Molla rejimi ABŞ və Qərblə radikal dillə danışmağa çalışır. Rejim bununla xalqın rifahını düşünən heç bir addım atmır. Onu yalnız nüvə proqramından əldə etmək istədiyi siyasi dvidentlər maraqlandırır. Ruhani Qərbin İrana qarşı yönəltdiyi iqtisadi sanksiyaları yumşaltmağa çalışır. Parlament isə ölkədə böhranın davam etməsinə səy göstərir". ("OLAYLAR" İA)