Kommunistlər də Moskva olaylarını pisləyir
Rauf Qurbanov: “Belə hallar Rusiyada ictimai - siyasi vəziyyəti daha da gərginləşdirə bilər”
28 Oktyabr 2013 12:15 SiyasətAzərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Moskva şəhərində Azərbaycanlılara qarşı sərgilənən münasibəti pisləyib. AKP MK sədri Rauf Qurbanov qurumun büro iclasında bəyan edib ki, son zamanlar Moskvada baş verən olaylar millətlər arasında münasibətlərin gərginləşdirilməsinə yönəlmiş hadisələrdir, məişət xuliqanlığı zəminində baş vermiş bu hadisənin şişirdilərək şouya çevirmək və bu hadisəyə siyasi don geyindirmək istəyən bəzi maraqlı qüvvələrin Azərbaycan və Russiya dostluq əlaqələrinə xələl gətirmək cəhdi kimi dəyərləndirilməlidir: "Moskvada süni sürətdə milli zəmində yaradılmış bu münaqişənin köklərini əslində tamamilə başqa bir sahədə axtarmaq lazımdır. RF-də illərlə toplanmış və bu gün də həllini tapa bilməyən iqtisadi problemlər mövcuddur. Rusiyada işsizlik, narkomaniya, alkoqolizm və digər başqa xoşagəlməz hallar ölkəni öz ağuşuna alaraq boğur. Bu da cəmiyyəti deqradasiyaya sürükləyir. Belə bir vəziyyətdə hakimiyyət dairələrinin əsas məqsədi əhalinin diqqətini həlli vacib olan mövcud sosial problemlərdən yayındıraraq milli münaqişələrə yönəltməkdir. Son nəticədə belə hallar Rusiyada ictimai - siyasi vəziyyəti daha da gərginləşdirə bilər".