“İkinci Bakı” layihəsi həyata keçirilir

Bakıda səfərdə olan Rusiyanın Perm vilayətinin Krasnokamsk bələdiyyəsinin nümayəndələri, "İkinci Bakı" layihəsinin müəllifləri Timofey Çudinov və Qalina Palkina-Vedova Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevlə görüşüblər. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə Bakı və Perm şəhəri arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, "İkinci Bakı" layihəsi müzakirə olunub. Layihə haqqında məlumat verən Qalina Palkina-Vedova bildirib ki, Bakı ilə Perm arasında olan dostluğun 75 illik tarixi var. 75 il öncə, Krasnokamskda neft aşkarlandığı zaman 200 nəfərdən çox azərbaycanlı mütəxəssis bu şəhərə göndərilib və onlar Krasnokamskda neft sənayesinin əsasını qoyub. Xüsusilə, 1942-ci ildə ikinci dünya müharibəsi zamanı neft istehsal edən bütün müəssisələrin Qafqazdan Urala köçürüldüyü bir vaxtda azərbaycanlı neftçilərin əməyi, yardımı əvəzsiz sayılır. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev isə öz növbəsində qonaqların bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib. Valeh Hacıyev deyib ki, "İkinci Bakı" layihəsi təkcə Bakı və Krasnokamsk şəhərləri arasında əlaqələrin inkişafına deyil, eyni zamanda Permdəki Azərbaycan diasporunun fəaliyyətinin genişlənməsinə də öz töhfəsini verəcək. Görüşdə "İkinci Bakı" layihəsinin reallaşması istiqamətində atılacaq növbəti addımlar, görüləcək işlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00