“Orxan Zeynalov ətrafında yaranmış vəziyyət Moskvanı narahat edir”
Elxan Şahinoğlu: “Gömrük Birliyi Azərbaycanın milli maraqlarını əks etdirmir”
25 Oktyabr 2013 18:58 SiyasətOrxan Zeynalov və Volqaqradda baş verən hadisələr biri-birindən fərqlidir. Biri məişət zəmnində baş verən kriminal hadisədir, digəri terror aktıdır. İki hadisə arasında heç bir əlaqə yoxdur" - "OLAYLAR"ın məsələ ilə əlaqədar suallarını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu belə deyib. Rusiyada baş verən son hadisələrin skinhidlərə bəhanə verdiyini deyən E.Şahinoğlunun sözlərinə görə, radikal millətçilər bundan sonra miqrantlara qarşı siyasəti sərtləşdiriblər. Volqaqradda baş verən terror aktını həyata keçirən şəxs Dağıstandandır, Rusiya vətəndaşıdır: "Bunu nəzərə alanda, Rusiya gərək ilk növbədə daxildəki problemlərini tənzimləməyi bacarmalıdır. Orxan Zeynalov məsələsini də qəsdən şişirdib millətlərarası ədavət şəklinə saldılar. Sonda Kreml başa düşdü ki, Orxan Zeynalov ətrafında baş verən hadisələr Rusiyanın ziyanına işləyir. Bunları nəzərə alan rəsmi Moskva məsələni aradan qaldırmağa çalışır. Politoloq Azərbaycanın Gömrük Birliyinə üzv olub olmayacağı məsələsinə də aydınlıq gətirib. E.Şahinoğlu qeyd edib ki, Azərbaycan hakimiyyəti Gömrük Birliyilə bağlı neytral siyasət yürütdüyünü bildirib. Bu o deməkdir ki, Azərbaycan nə Gömrük Birliyinə, nə də ki, noyabrda Vilnüsdə Avropa İttifaqı ilə asossiativ anlaşmaya imzalayacaq. Politoloq bildirib ki, məsələ ilə əlaqədar fikir mübadiləsi aparan Nursultan Nazarbayev, Aleksandr Lukaşenko və Vladimir Putinin açıqlamalarına diqqət edib: "Prezidentlər Ermənistan və Qırğızıstanla yanaşı quruma üzvlük məsələsində Türkiyə və Suriyanın da adlarını çəkdilər. Bu məsələlər çox qaranlıqdır. Nazarbayev hətta iddia etdi ki, Türkiyə prezidenti Abdullah Gül quruma qoşulmaları üçün ona müraciət edib. Hesab etmək olar ki, ortada hər hansı bir anlaşılmamazlıq var. Çünki Türkiyənin Ermənistanla sərhədləri bağlıdır və heç bir diplomatik əlaqələri yoxdur. Əgər qurumda Ermənistan varsa, Türkiyə orada təmsil oluna bilməz. Azərbaycan isə birmənalı şəkildə bu ittifaqda yer almayacaq. GB-da iştirak etməsi Azərbaycanın milli maraqlarına cavab vermir. Çünki orada Dağlıq Qarabağı işğal edən Ermənistan yer alır. Buna görə də Azərbaycan işğalı Ermənistanla inteqrasiya məsələlərinə baş vura bilməz". ("OLAYLAR" İA)