İran Cənubi Qafqazda gərginlik yaradır
“Beynəlxalq Qarabağ konfrans”ının çağırılması molla rejiminin qərəzkar və təhrikedici siyasətindən xəbər verir
25 Oktyabr 2013 16:59 Siyasətİran İslam Respublikası Azərbaycana qarşı qərəzkar və təxribatçı siyasətini davam etdirir. İranın hakim molla rejimi son 20 ildə dəfərlə Azərbaycana qarşı dost olmayan mövqe sərgiləşmişdi. İran rəsmiləri dəfələrə Azərbaycanın daxili işlərinə qarışmış, dindarları qızışdırmağa cəhd etmiş, hətta Azərbaycan Respublikasını təhdid etməkdən çəkinməmişdi. Molla rejimi beynəlxalq səviyyədə Azərbaycana qarşı düşmənçilik etmiş, tariximizi saxtalaşdırmağa çalışmış, Azərbaycanı parçalamağa çalışan separatçılara, dönüklərə qucaq açmışdı. Hesab olunurdu ki, zaman keçdikcə İran Azərbaycanın müstəqilliyi ilə barışacaq, şimal qonşuluğundakı müstəqil türk dövlətinin varlığını qəbul edəcəkdi. Son günlər müşahidə olunanlar İranın Azərbaycana qarşı strateji siyasətinin dəyişmədiyini göstərir. Görünür, İran inqilabından sonra İran xüsusi xidmət orqanlarının qurulmasında xüsusi xidmətləri olmuş Əkbər Gəncinin hələ 21 il öncə dediyi sözlər İranın Azərbaycan siyasətində hələ də prioritetdir. O zaman Ə.Gənci "Comhuriye-Eslami" qəzetində dərc olunmuş məqaləsində belə bir fikir işlətmişdi: "Əgər dünyada bir qarış torpaq Azərbaycan adı ilə dövlət sayılırsa, o bizim milli təhlükəsizliyimizə ziddir". İran rejiminin başbilənləri bu fikri Azərbaycan siyasətinin başlıca tezisinə çeviriblər. İran dövləti bu məntiqlə 1991-ci ildə Azərbaycanı müstəqilliyini tanımaq istəmirdilər. Molla rejimi keçmiş Sovet respublikalarının müstəqilliyini müvəqqəti hesab edir, ona görə də, bu dövlətləri güclənməsində maraqlı tərəf kimi çıxış etmirdirlər. İran özünü islam dövləti, bütün müsəlman xalqlarının hamisi hesab etsə də, müsəlman (özü də şiə-cəfəri) Azərbaycanın 20 faiz torpaqlarının xristian Ermənistan tərəfindən işğalına göz yumdu, hətta bəzi hallarda işğalçı dövlətə yardımlar etdi. Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan sonralar birinci Qarabağ müharibəsi ilə bağlı bir sıra maraqlı etiraf edərək İran dövlətinin simasız siyasətini ifşa etmişdilər. Ter-Petrosyan yazırdı ki, "İran sərhəddi bir neçə gün bağlı qalsaydı, xilas yolumuz qalmayacaqdı". Köçəryan müharibə zamanı İranın yardımlarının xüsusi əhəmiyyətə malik olduğunu bildirmiş, hazırkı prezident Serj Sərkisyan isə İranla sərhəddi "Xilas və həyat qapısı" adlandırmışdı. Müharibə zamanı İran Ermənistanı yanacaqla təmin etmiş, işğalçı dövlətə ən zəruri ərzaq məhsulları göndərmişdi. Səngərdən İranda istehsal olunan konservlər və figər səhra ləvazimatları tapılmışdı. İran diplomatları da vaxtaşırı islam respublikasını ikiüzlü siyasətini açıb göstərmişlər. İranın İrəvandakı səfiri Məhəmməd Rəisi "İranın maraqları Ermənistanın, Ermənistanın maraqları isə İranın maraqlarıdır" bəyanatını vermiş, İranın Azərbaycandakı səfirinin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair bəyanatının şəxsi mövqeyi olduğunu bildirmişdi.
İran dövlətinin mövqeyi bəllidir və belə görünür ki, bu mövqe dəyişməyəcək. İran şimalda Azərbaycan adında türk dövlətinin varlğını istəmir! İran bu üzdən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil, hətta münaqişənin uzanmasına çalışır. İranda hesab edirlər ki, yaxın qonşuluqdakı müstəqil, güclü türk Azərbaycan dövləti İranda yaşayan 40 milyonluq türk və 30 milyondan artıq Güney Azərbaycan türkləri üçün nümunədir. İran Azərbaycanın zəif qalmasını ona görə arzulayır ki, nə zamansa bu dövlət Güneydəki soydaşlarına sahib çıxa bilər. Halbuki Azərbaycan Respublikası heç zaman İranın daxili işlərinə qarışmayıb, İran daxilində hər hansı etnik qarşıdurmada maraqlı olmayıb.
İran dövləti daim Azərbaycanın mədəni irsinə sahib çıxmağa, tarixi şəxsiyyətlərinə yiyə durmağa çalışıb. Azərbaycanın milli dəyərlərindən sayılan Novruz bayramı fars bayramı, dünya şöhrətli dahi şairimiz gəncəli Nizami "İrandilli fars şairi" kimi qələmə verilir.
İran Azərbaycana qarşı daha bir təxribata əl atmağa hazırlaşır. Gələn ayın 6-da Təbriz şəhərində "Qarabağ beynəlxalq konfrans"ının keçirilməsi planlaşdırılır. Molla rejimi bununla tarixi Azərbaycan türk torpağı olan Qarabağın guya İrana aid olduğunu sərgiləməyə çalışır. Azərbaycan dövləti, xalqı, tarixi və elmi üçün mühüm əhəmiyyət daşıyan məsələ ilə əlaqədar birtərəfli qaydada beynəlxalq konfransın təşkili, İran rəsmilərinin Azərbaycan dövləti əleyhinə və xalqı itaətsizliyə çağıran fikirləri ölkəmizdə siyasi və sosial zəmində gərginlik yaratmağa istiqamətlənmiş addım kimi dəyərləndirilməlidir. Təbrizdə keçiriləcək Qarabağ konfransı İranın Azərbaycanda həyata keçirdiyi antiAzərbaycan siyasətinin tərkib hissəsidir.
İran bu konfransı keçirməklə tarixi təhrif etməyə, özünü bütün Azərbaycan torpaqlarının, bütövlükdə Cənubi Qafqazın tarixi varisi olduğunu göstərməyə çalışır. Bu günlərdə tarixi "Gülüstan" sülhünün növbəti ildönümü qeyd olundu. İrandan təlimat alan dairələr fəallaşdı, bu müqaviləni "Rusiya və İran arasında bağlanan sülh müqaviləsi" kimi xarakterizə etdilər. Bu günki İran 1813-cü ildəki Qacar dövlətinin varisi sayılsa da, Qacar dövləti İran adlanmırdı və azərbaycanlılar tərəfindən idarə olunan türk dövləti idi. O məntiqlə bütün İran torpaqları azərbaycanlı qacarların mülküdür, tarixi haqqıdır. "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə Azərbaycan torpaqları bölünüb. Şimal rus dövlətinin, cənub isə 1936-cı ildə İran adlanmış dövlətin tərkibində qalıb. Şimal torpaqlarını rus imperiyası sağa-sola paylayıb. Fars şovinizmi isə Güney Azərbaycan torpaqlarını ostanlara bölüb, türk kəndlərini kürdləşdirib. Bu gün ortada olan tarixi ədalətsizliyin böyüyü Azərbaycan xalqının hələ də bölünmüş halda qalmasıdı. Azərbaycan xalqı BMT tərəfindn "parçalanmış xalq" statusu almalı, İran dövləti ikiyə bölünmüş xalqın birləşmə haqqını tanımalıdır. Tarixi Azərbaycan torpaqları Azərbaycana qaytarılmalıdır. Rusiyanın birbaşa, İranın dolayı yolla dəstəyi ilə Ermənistanın işğal etdiyi Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır və bu ərazidə suverenliyimiz bərpa olunmalıdır. Qarabağ Azərbaycan torpağıdır və bu ərazinin İrana heç bir aidiyyatı yoxdur. İran dövlətinin tarixi mövzularla qurdalanmaq adı ilə Cənubi Qafqaza nüfuz etməyə çalışması isə təhlükəli oyundur və molla rejimi bu siyasətdən əl çəksə yaxşıdır.
Elman Cəfərli