Milli Şura dağılır, yoxsa təmizlənir? - SİYASİ ANALİZ

Qurum İctimai Palata səviyyəsinə enir

Milli Şuranın son toplantısında qurumun taleyinə demək olar ki, aydınlıq gətirilib. İctimai Palata, yoxsa Milli Şura sualının cavabı var artıq. Müxalifət Milli Şura formatını saxladı. Çox güman ki, yaxın günlərdə İctimai Palata buraxılacaq. Müsavat bunu istəməsə də, AXCP-nin qurumdan çıxması məsələni həll etmiş olacaq. Hər halda AXCP-siz siyasi birliklə Müsavat ciddi nəticələrə nail ola bilməyəcək. Milli Şuranın aqibətinə gəlincə, görünən odur ki, Rauf Arifoğlu-Pənah Hüseyn dueti istəsə belə Müsavat qurumu tərk edə bilməz. AXCP, El hərəkatı qurumun möhkəmlənməsinə çalışacaq. Əslində Milli Şuranın hazırkı vəziyyəti İsa Qəmbərə də sərf edir. Daha qurumun rəhbərliyində Müsavat üçün arzuedilməz adamlar yoxdur.

Şuranın sessiyası gərginliklərlə yadda qalıb.  Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan təklif edib ki, təşkilati məsələlər gündəlikdən çıxarılsın və ya müzakirələr zamanı adlar çəkilməsin. Onu narahat edən məqam  lideri Lalə Şövkətin adının çəkilməsi olub. Xatırladaq ki, bir müddət öncə xanım Lalə Şövkət Şuranı tərk edib. Şura üzvləri Temirxana etiraz ediblər, o da partiyasının MŞ-dan çıxdığını bəyan edib. Müsavatdan olan fəallar ACP lideri Rəsul Quliyevin də Şuradan çıxarılmasını təklif edib. Lakin bu məsələ müzakirə olunmayıb.

Milli Şura üzvlərindən biri Hüseyn Hüseynov  Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən azad olunmasını istəyib. Amma təklif qəbul olunmayıb. Amma Şuradan başqa üzvlər çıxarılıblar. Şuradan kənar edilənlər bunlardır: Lalə Şövkət, Asəf Quliyev, Zəminə Dünyamalıyeva, Solmaz Hüseynova, İlham Hüseyn, Mövsüm Səmədov, Elçin Manafov,  Gülnarə Qurbanova və Akif Şahbazov. Maraqlıdır ki, sonuncu mətbuata açıqlamasında quruma üzv olmadığını bildirib.

Gülnarə Qurbanova da Şuradan çıxarılmasına sərt etiraz edib. Son sessiyadan sonra Milli Şuranın zəiflədiyi, ya təmizləndiyi hələ bəlli deyil. Hər halda çıxarılanların çox tanınmış adamdır və bu təmizləmələr qurumun imicinə mənfi təsir edəcək.    Rəsul Quliyev dəfələrlə Milli Şura əleyhinə bəyanat verib və ola bilsin ki, yaxın günlərdə sabiq spiker qurumu tərk etsin. O halda Şura  daha da zəifləyəcək. Ümumilikdə, Milli Şuranın yaydakı qurum olmadığı bəllidir. Qurum yaranarkən ətrafında yaradılmış ajiotaj xeyli zəifləyib. Seçkidən sonra qurumun gücünü itirdiyi faktdır. Milli Şuraya ilk zərbə Rauf Arifoğlunun İbrahimbəyova və Eldar Namazovun adamlarına hücumu dəydi. Baş yazar açıq mətnlə Müsavat və AXCP-nin də yer aldığı qurumu "Rus projesi" adlandırmışdı. Müsavatın çalışdığı Milli Şurada kənar adamların uzaqlaşması, MŞ-ın tamamilə AXCP və Müsavatın inhisarına keçməsi idi. Xatırladaq ki, ilk yarananda Milli Şuranın aparat rəhbəri Eldar Namazov idi. İbrahimbəyov köhnə müxalifəti oyundankənar qoymuşdu. Sonra vəziyyət dəyişdi. Öncə vahid namizəd sabiq AXCP üzvü Cəmil Həsənli oldu. İndi artıq Milli Şuranın iclaslarına sədrliyi o edir, artıq Şuranın sədri olması üçün təkliflər var. Böyük ehtimalla, ənənəvi müxalifət İbrahimbəyovu uzaqlaşdırmaq, C.Həsənlini Milli Şuranın sədri seçmək istəyəcək. Bu, reallaşsa, Milli Şuradan qopmalar sürətlənəcək və qurum İctimai Palata formatına düşəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00