“Avronest” PA-nın qərarı çirkli siyasətə xidmət edən bir məsələdir

Rafael Cəbrayılov : “Avropa Parlamenti Azərbaycandakı seçkiləri bəyənsəydi belə mən təəccüblənərdim”

Millət vəkili Rafael Cəbrayılov Avroparlamentin son qətnaməsinə münasibətini bildirərkən qeyd edib ki, Avropa Parlamentinin bu mövqeyini anlamaq böyük istedad tələb etmir. Avropa Parlamenti belə gülməli, qərəzli mövqeyini dəfələrlə ortalığa qoyub. Millət vəkili deyib ki, istər "Eurovision-2012" ərəfəsində olsun, istərsə də digər zamanlarda Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı qəbul etdikləri qətnamədə bu mövqeyi görmüşük. Bu baxımdan demək olar ki, son qərar yalnız çirkli siyasətə xidmət edən bir məsələdir: "Avropa Parlamenti Azərbaycandakı seçkiləri bəyənsəydi belə mən təəccüblənərdim ki, həmişə Azərbaycana qarşı guya demokratiyanın, insan hüquqlarının pozulması ilə bağlı mövqe tutan bir qurum indi birdən-birə necə oldu ki, seçkiləri bəyəndi? Seçkilər ərəfəsində ATƏT-in nümayəndəsi də açıqlamışdı ki, Azərbaycanda prezidentliyə namizədlərin hamısının kişi olması qadın hüquqlarının pozulmasıdır. Bu, absurd bir məsələdir. Bu, Azərbaycana qarşı olan qüvvələrin yanlış mövqeyidir. Avropa Parlamentində ümumiyyətlə, kvorum deyilən bir məsələ yoxdur. 750-dən çox deputatın heç 10 faizi də iclaslara toplaşmır. Onlar da qurum adından qərar qəbul edirlər. Belə çıxır ki, 10-15 nəfər yığılıb bir yerə qərar qəbul edə bilərlər. Ona görə də mən onların seçkilərlə bağlı qərarını ciddi hesab etmirəm". Avropa Parlamenti tərəfindən mütəmadi olaraq siyasi məhbuslarla bağlı məsələnin qabardılmasına toxunan millət vəkili qeys esib ki, Avropa Parlamenti hər şeydən əvvəl hüquqa, qanuna xidmət edən bir qurum olmalıdır:
"Mən sual verərdim ki, siyasi məhbus anlayışı nə deməkdir? Zəhmət çəkib bir dənə beynəlxalq konvensiya qəbul edib siyasi məhbus anlayışını versinlər ki, məsələ aydınlaşsın. Qanunda birmənalı şəkildə siyasi məhbus anlayışı yoxdursa hər bir insan öz savadına, öz dünyagörüşünə, öz mövqeyinə uyğun müxtəlif formalarda qəbul edə bilər. Ona görə bu məsələ ilə bağlı əvvəlcə konvensiya qəbul etmək, daha sonra isə digər ölkələrdən buna əməl etmək lazımdır. Mən bu məsələdə Azərbaycanda guya ki, insan hüquqlarına xidmət edən bəzi Qeyri- Hökumət Təşkilatlarını, ictimai qurumları da qınayıram ki, Azərbaycanın ərazi bütövlüyünə ciddi ziyanlar vurmuş Ələkrəm Hümmətovu siyasi məhbus kimi qələmə verdilər, cənab Prezident də onu əfv etdi. Demək istəyirəm ki, onların siyasi məhbus adlandırdıqları insanlar Cinayət Məcəlləsinin konkret maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar və azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunublar. Avropa Parlamentinin bu qərarı çirkin, qərəzli, iyrənc siyasətə xidmət edən bir mövqedir".
    Azərbaycanın ATƏT və Avropa Parlamenti ilə əməkdaşlığını bir daha gözdən keçirməsi və adekvat addımlar atması məsələsinə gəlincə, millət vəkili qeyd edib ki, kimdənsə küsmək, özünü təcrid etmək düzgün siyasət deyil: "Oradakı qanunsuzluqları aşkarlamaq istəyiriksə onlara yaxın olmalıyıq.
Mən düşünmürəm ki, Azərbaycan Avropa Parlamenti ilə münasibətlərini kəsməlidir və kənara çəkilməlidir. Sadəcə olaraq göstərmək lazımdır ki, sizin mövqeyiniz düzgün deyil. Bu qurumda Azərbaycana qarşı əks mövqe tutan deputatlar var ki, onlara qarşı isti, doğma münasibətə son qoymaq lazımdır. Bu mənada həmin ölkələrlə istər iqtisadi, istərsə də digər sahələrdə münasibətlərə yenidən baxmaq lazımdır. Bütövlükdə isə beynəxlaq qurumla əlaqələrin kəsilməsinin əleyhinəyəm".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00