Hərbi ekspert: “Nazirlikdə həyata keçirilən islahatlar ümumi işə fayda verəcək”
"İslahatlar uzun müddət bu güc strukturu ilə bağlı cəmiyyətdə yaranmış narahatçılığa bir qədər son qoyacaq"
25 Oktyabr 2013 13:51 Siyasət"Düşünürəm ki, Müdafiə Nazirliyində həyata keçirilən islahatlar ümumi işə fayda verəcək və uzun müddət bu güc strukturu ilə bağlı cəmiyyətdə yaranmış narahatçılığa bir qədər son qoyacaq. Hər halda kadr dəyişiklikləri ilə bağlı qəbul edilən qərarlar bunu deməyə əsas verir". Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov bildirdi. Onun sözlərinə görə, aparılan yerdəyişmələrdə məqsəd kadr potensialının gücləndirlməsinə, əsgər və zabitlərin sosial və digər sahələr üzrə vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanıb: "O ki qaldı, neqativ halların aradan qaldırılmasına, düşünürəm ki, əgər tələbkarlıq sahəsində hər bir komandir və rəisin məsuliyyəti artırılarsa, onda həm qeyri-döyüş itkilərinin, həm də digər halların qarşısını almaq mümkün olacaqdır. Fikrimcə, tam olmasa da, yəqin ki, müsbətə doğru xeyli dəyişikliklər görmək mümkün olacaq".Ekspert nazirlikdən neqativ hallarla bağlı işdən çıxarılan zabitlərin cəbhə bölgəsinə göndərilməsinə də münasibət bildirdi: "Cəbhə bölgəsinə göndərilən zabitləri qətiyyən aşağılamamağın və ya təhqir kimi yanaşmanın tərəfdarı deyiləm. Sadəcə, onların bir çoxu həmin yerlərdə ya xidmət keçməyiblər, ya da ki, onların ixtisasına uyğun bu gün vakant yerlər məhz cəbhə bölgəsindədir. Onların hansı işləri görə bilməsi məsələsinə gəlincə, hesab edirəm ki, onların hər biri konkret vəzifə üzrə üzərinə düşən vəzifələri yerinə yetirəcək. Əgər vəzifələrinin öhdəsindən gələ bilməsələr, yuxarı komandanlıq tərəfindən müvafiq qərarlar qəbul ediləcək". ans