Deputatlar BMT nümayəndəsi ilə görüşüblər
24 Oktyabr 2013 18:34 SiyasətMilli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və qurumun beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekin ilə görüşüblər. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Azərbaycanın BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin mühüm hadisə olması qeyd olunub. Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə bütün istiqamətlərdə əməkdaşlığının daha da genişlənməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyi və Azərbaycan dövləti tərəfindən bu layihələrin reallaşmasına böyük dəstəyin göstərildiyi bildirilib. BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekin təmsil etdiyi qurumun Azərbaycan ilə bütün istiqamətlərdə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın getdikcə daha da genişlənməsinin və Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlərindən biri kimi seçilməsinin təqdirəlayiq olduğunu deyib.