Prezident seçkiləri bir daha göstərdi ki...

Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlamaq niyyətində olan xalqdır

Azərbaycanda keçirilən prezident seçkilərində məğlubiyyəti ilə barışmaq istəyində olmayan müxalifət atılan hər bir addımda nöqsan axtarır. Xarici havadarlarının və beynəlxalq təşkilatların tapşırıqlarını həvəslə icra edən radikal müxalifət hakimiyyətə qarşı şər və böhtan kampaniyasını davam etdirməkdədir. Belə şər və böhtanlardan biri də bu günlərdə reallaşan prezidentin andiçmə mərasimi ilə bağlıdır. Qarşısına hakimiyyətlə qarşıdurma yaratmaq, maraqlı qüvvələri təxribata cəlb etmək niyyəti qoyan müxalifət mətbuatı inaqurasiya mərasimi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqda davam edir.

Millət vəkili Fəttah Heydərov bildirib ki, Azərbaycanda 9 oktyabrda baş tutan prezident seçkiləri aydın, şəffaf, bütün xalqın iradəsinə uyğun keçirilib: "Bəlkə də dünyada yeganə seçkilərdəndir ki, prosesı bu qədər yerli və beynəlxalq müşahidəçi izlədi. Bu qədər beynəlxalq müşahidəçinin nəzarəti altında keçirilən seçkilərin göstərdiyti nəticə xalqın, vətəndaşların öz dövlət başçısına olan yüksək sevgisinin, məhəbbətin bariz nümunəsi idi. Belə halda  dünyada sülhə, sabitliyə, inkişafa mane olan mənfi qüvvələrin rəyini şişirtmək və onlara istinadən ayrı-ayrı hadisələri müzakirə mövzusu etmək bizim əsas mövzumuz olmamalıdır. Biz bu gün böyük bir fərəh hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqı dünyanın digər xalqları ilə müqayisədə öz müstəqilliyini daha yüksək dəyərləndirir. Prezident seçkiləri bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlamaq niyyətində olan xalqdır. Azərbaycan müstəqil dövlətdir, ona görə də istənilən dövlətlə iqtisadi və siyasi əlaqələrində öz müstəqil mövqeyini ortaya qoya bilir. Bunun nəticəsidir ki, Azərbaycan artıq dünyanın diqqət mərkəzindədəir. Bu inkişafa sevinənlər də çoxdur, onun qarşısını almaq üçün müxtəlif eybəcər halları tətbiq etməyə səy göstərənlər də. Mənə elə gəlir ki, bu eybəcər halları şişirtməyə ehtiyac yoxdur". Deputat  Tahir Rzayevin sözlərinə görə, bir sıra müxalifət mətbuatında ölkə Prezidenti cənab İlham Əliyevin inaqurasiya mərasimi ilə əlaqədar reallığı əks etdirməyən cəfəng mülahizələri, fikirləri oxuyanda insan təəccüblənməyə bilmir. Özlərini demokrat, müstəqil bir dövlətin vətəndaşları, siyasət xadimləri adlandıran bəzi müxalifət liderlərinin fikirləri o qədər bəsit, cılız, məntiqsizdir ki, adam belələrinin ağlına, dərrəkasinə şübhə edir. Millət vəkili bildirib ki, müxalifətin söylədiklərindən belə qənaətə gəlmək olar ki, inaqurasiya müəmmalı keçirilib və sirlərlə  doludur, guya hakimiyyət hər hansı bir təxribatın törədilməsindən, yaxud müxalifətin bu tədbirin qarşısını almasından qorxaraq inaqurasiyanın vaxtını əvvəldən elan etməyib, ora xarici qonaqları, səfirliklərin nümayəndələrini, dünyanın tanınmış ictimai-siyasi xadimləri dəvət etmədən keçirib:  "Müxalifət mətbuatı öz fikirlərini əsaslandırarkən 2003, 2008-ci illərin inaqurasiya mərasimlərini xatırladır və bu tədbirlərdə bir çox xarici ölkə rəhbərlərinin, nümayəndələrinin iştirakını qeyd edirlər. Digər tərəfdən, inaqurasiyanın tez keçirilməsini müəmmalı adlandırır və bunu xarici ölkələrin Azərbaycana-prezident seçkilərinin keçirilməsinə olan mənfi münasibətlə əlaqələndirirlər. Ancaq bu adamlar bilmirlər ki, Azərbaycan tam bir müstəqil dövlətdir. O, öz taleyinin sahibidir. İstənilən hər hansı mötəbər tədbirin heç bir ölkə ilə məsləhətləşmədən, heç kimə hesabat vermədən, vaxtını və yerini heç bir xarici ölkənin nümayəndəsi ilə razılaşdırmadan, onu bu tədbirə dəvət etmədən keçirməyə qadirdir və buna səlahiyyəti var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin inaqurasiya zamanı söylədiyi fikirlər bunu bir daha təsdiq edir. Bildirildiyi kimi, Azərbaycan güclü dövlətdir. O, öz gücünə arxalanır, heç bir kimə hesabat verməyə borclu deyil. Bir tərəfdən təmtəraqlı mərasimlərin keçirilməsinin əleyhinə olan müxalifətçilərin bu dəfə inaqurasiyanın belə sadə şəraitdə keçirilməsinin şübhə altına almaları və tənqid etmələri yenə də onların məntiqsizliyindən xəbər verir. Külli miqdarda vəsait sərf etmədən, təmtəraqsız inaqurasiya keçirməyin nəyi müəmmalıdır axı? Əlbəttə, burada heç bir müəmma və sirr yoxdur. Müəmmalı və sirli olan aqressiv müxalifətdir və onların havadarlarıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00